“İstehsal və emal sahələrinə vəsait qoyuluşu...” Hadisə

“İstehsal və emal sahələrinə vəsait qoyuluşu...”

Elşən Həsənov: "Neft-qaz və turizm sektoruna nisbətən nəzərə çarpacaq dərəcədə azdır"
Qadir İbrahimli: "Emal və istehsal sahələrinin az inkişafı ölkədəki biznes mühitinin yaratdığı problemlərdən biridir"

Turizmlə bağlı bahalı layihələr həyata keçirildiyi halda iddialı istehsal və emal layihələri ilə bağlı bu tendensiya nəzərə çarpmır.
Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də istehsal və emal müəssisələri ilə bağlı təklif irəli sürüb və bunun vacibliyini önə çəkib. Millət vəkilinin fikrincə, qeyri-neft sektorunun inkişafı üçün hökumət çox iddialı layihələr həyata keçirməlidir.
Azərbaycan Sosialis Partiyasının sədri Elşən Həsənov bildirdi ki, ümumiyyətlə götürdükdə bütün dünyada turizm ən gəlirli sahələrdən biridir: "Turizm sektorundan gələn gəlirlər ola bilir ki hər hansı bir ölkənin büdcəsinin əsas gəlir mənbəyini təşkil edir. Bu baxımdan təbii ki, turizm sahəsinə yatırılan vəsait və turizm sahəsindəki yeni layihələr özünü doğrultmalıdır. Bu layihələr bununla yanaşı həm də Azərbaycan büdcəsinə əlavə gəlirlər gətirə bilər. Amma təəssüf doğuran cəhət bundan ibarətdir ki, Azərbaycanda turizmlə bağlı düzgün istiqamət götürülməyib, təbliğat zəifdir. Bildiyiniz kimi insanları yeni yerlər görməyə təkcə o yerin füsunkar mənzərəsi, qeyri-adi gözəlliyi kifayət etmir Bu, daha əhatəli məsələdir. Ölkənin tarixi abidələri bütün rəngarəngliyi ilə təbliğ edilərsə, hər hansısa bir abidə, yer haqqında çox gözəl tirajlanan əfsanə yaradılarsa, bu turizm işinə böyük xidmət etmiş olardı. O, həmçinin əlavə etdi ki, istehsal və emal sahələrinə, ümumiyyətlə iqtisadiyyat digər sahələrinə vəsait qoyuluşu neft-qaz və turizm sektoruna nisbətən nəzərə çarpacaq dərəcədə azdır: "Sadəcə ilkin faktor kimi onu deyə bilərəm ki, hal-hazırda digər inkişaf etmiş ölkələrə nisbətdə Azərbaycanın dünya bazarlarında rəqabətə dayanacaqlı mallarının istehsal olması az inandırıcı görünür. Bu səbəbdən turizm sektoruna yatırılan məbləğin daha rentabelli olması əsas götürülür. Təbii ki, başqa səbəblər də var".
İqtisadçı ekspert Qadir İbrahimli isə vurğuladı ki, bir çox hesablamalara görə, Azərbaycan iqtsiadiyyatının 2 mühüm rentabelli gəlir sahəsi var: "Onlardan biri aqrar sektor, digəri isə turizm sektorudur. Yəni turizim sektoru əhəmiyyətsiz sahə deyil. Emal sektoru kiçik və orta sahibkarların hesabına inkişaf edir. Yəqin ki, bu sahədə biznes mühiti formallaşarsa, burada da inkişaf gedəcək. Turizmin inkişafına isə birbaşa dövlət dəstəyi olmalıdır. Turizm tam bir sistemdir. Burada yolların çəkilişindən tutmuş, infrastruktur layihələrə qədər bütöv bir kompleksdir. Tutaq ki, Azərbaycanın ən səfalı yerində bir sanatoriya tikirsən, ora yol, qaz, işıq təminatı və s. mütləq lazımdır. Emal və istehsal sahələrinin az inkişafı ölkədəki biznes mühitinin yaratdığı problemlərdən biridir. Yəni bu ölkədə normal rəqabət mühitinin olamamasından irəli gələn məsələlərdən biri hesab olunur".

Əli