Əlvida, Dan Ulduzu... Hadisə

Əlvida, Dan Ulduzu...

Dövlət Departamenti ilə Konqresin razılaşdırılmış çoxgedişli oyunlarından sonra Azərbaycana məhz Riçard Morninqstarın səfir təyin edilməsi mənə xeyli cazibədar görünmüşdü... Xüsusilə də səfirin soyadı diqqətimi daha çox cəlb etmişdi. Bütün şərqlilər kimi mən də mistik bir əlamət axtarmağı xoşlayıram.
Morning Star... İngilis dilindən tərcümədə Dan Ulduzu anlamını verir...
Bir şərqli üçün bundan ekzotik nə ola bilər ki? Lap "1001 gecə nağılları"nda olduğu kimi... Dəvə karvanlarının yorğun sarvanlarına yol göstərən Dan Ulduzu...
Xatırladım ki, ötən prezident seçkiləri öncəsi ABŞ səfirliyində keçirilən görüşdə cənab Morninqstarın da öz soyadının mistik təsiri altında olduğunu gördüm.
...Cənab səfir görüşdə dəvə ilə bağlı ABŞ-da məşhur olun bir məsəli xatırlatdı: "Birləşmiş Ştatlarda deyirlər ki, "dəvənin çadırdan kənarda olub sidiyini içəri ifraz etməsindənsə çadırın içərisində olub bayırı islatması daha məqsədəuyğundur. Azərbaycanda isə dəvəni elə vəziyyətdə saxlayıblar ki, biçarə heyvan öz sidiyini nə çadırdan içəri axıda bilir, nə də bayıra... Və belə davam edərsə dəvə günlərin birində partlayacaq".
Bu məsəlin danışıldığı an İraqda dəvələr deyil, insanlar partlayırdılar...
ABŞ səfirinin son müsahibəsində yer alan fikirlər də əslində partlayış effekti yaratdı. Bu partlayışın çadırın içində, yaxud çölündə baş verdiyi bir o qədər də önəmli deyil...
Önəmli olan bu partlayışın nə üçün məhz indi baş verməsidir.
ABŞ səfirinin qənaətinə görə, Azərbaycan hökuməti tez-tez gərəksiz işlər görür və onlar da bu işlərin ümumiyyətlə niyə baş verdiyini anlaya bilmirlər:
"Deyirlər ki, Azərbaycan çox təhlükəli regionda yerləşir.
Bu, doğrudan da belədir. Maşınla 3 saata cənub tərəfə getsəz, İran sərhəddinə, 2 saat yarıma şimala doğru gedib Dağıstanda ola bilərsiz.
Onların arqumenti də budur ki, atdıqları addımlar stabilliyi qorumaq üçün vacibdir. Amma bizim mövqeyimiz başqadır. Biz hesab edirik ki, əgər vətəndaş cəmiyyətinə daha çox açılım olsa, stabillik daha güclü olar".
...ABŞ-ın dünyanın ayrı-ayrı ölkələrində stimullaşdırdıtı "açılım" siyasətinin nəticələri göz qabatındadır... İraqa raket başlıqlarıyla daşınan "açılım"dan sonra İraq türkmənləri separatçı kürdlərin etnik təmizlənmə siyasətinə məruz qaldılar və bu gün enerji resurslarıyla zəngin bir bölgə faktiki olaraq İraqdan "açılmış" vəziyyətdədir.
ABŞ-ın yanlış (bəlkə də məqsədyönlü) hesablamaları nəticəsində Abxaziya və Şimali Osetiya bəlkə də həmişəlik olaraq Gürcüstandan, Krım isə Ukraynadan "açılıb"... Ukraynadakı "açılım" isə hələ də davam etməkdədir...
Səfirin müsahibəsində diqqət çəkən məqamlardan biri də Vaşinqtonun guya Azərbaycanın müstəqilliyi və suverenliyi ilə bağlı Rusiya qarşısında səsini qaldırması ilə bağlıdır: "Rusiya qarşısında Azərbaycanın müstəqilliyi və suverenliyi üçün kim səsini ucaldar o zaman? Xüsusilə də Ukraynadan sonra. ...Bilirəm ki, çoxları ABŞ-dan daha çox şey gözləyir, amma biz mövcud şəraitdə əlimizdən gələni edirik".
Əslində, Riçard Morninqstar "mövcud şəraitdə əlimizdən gələni edirik" deməklə Azərbaycan hökumətinə ünvanladığı bütün suallara cavab verib.
Son nəticədə Azərbaycan da mövcud şəraitdə əlindən gələni edir. Çünki başqalarının təhriki ilə mövcud şəraitdə əlindən gələndən daha çox şey etmək istəyənlərin aqibəti göz qabağındadır.
P.S. Cənab Riçard Morninqstar müsahibəsində səlahiyyət müddətinin başa çatmasına 3 ay qaldığını bildirib... Təəssüf, nə etmək olar ki...
Əlvida, Dan Ulduzu...