UNEC-də “24/7 kitabxana” fəaliyyətə başlayıb Hadisə

UNEC-də “24/7 kitabxana” fəaliyyətə başlayıb

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "24/7 kitabxana"nın açılış mərasimi olub. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, UNEC-in rektoru Ədalət Muradov iştirak ediblər. Ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. Üçmərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən "Oxford University", "Cambridge University", "The MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University Press" və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundzadə adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər, həmçinin "Web of Science" platformasının 126 min 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.
Sonra daha bir innovativ layihə - ən müasir texnoloji avadanlıqlarla təchiz edilən "UNEC Extern" mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzin üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin videobazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir.
Qeyd olunub ki, "UNEC Extern"də seçilmiş yerli və əcnəbi professor-müəllimlərdən ibarət heyət tədris aparacaq. Mərkəzdə 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Bir tədris studiyasında eyni anda 500, gün ərzində isə 9-12 min tələbəyə təhsil vermək mümkündür.