BDU-da “Elm günü”nə həsr olunmuş “dəyirmi masa“ keçirilib Hadisə

BDU-da “Elm günü”nə həsr olunmuş “dəyirmi masa“ keçirilib

Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında sərəncamının icrası məqsədilə Bakı Dövlət Universitetində "Elm günü"nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, Bakı Dövlət Universitetində "Elm günü"nə həsr olunmuş "Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir" mövzusunda "dəyirmi masa" keçirilib. BDU-nun tələbələri, magistrantları, doktorantları və gənc tədqiqatçılarının iştirak etdiyi "dəyirmi masa"da universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin "Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir" mövzusunda məruzəsi dinlənilib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə innovativ fəaliyyətin dəstəklənməsi və inkişafı sahəsində dövlət səviyyəsində görülən işlər, BDU-da həyata keçirilən tədbirlər, bu sahədə əldə edilən nailiyyətlər, problemlər və həlli vacib hesab edilən bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən professor-müəllim heyəti səsləndirilən fikirlərə münasibət bildiriblər.
Qeyd edək ki, Tədbirlər planında "Clarivate Analytics" şirkətinin Bakı nümayəndəliyi ilə birlikdə "Web of Science" bazasının SCI-Exp indeksi əsasında BDU-da araşdırma məqalələri üzrə "Ən məhsuldar müəllif", "Ən çox istinad edilən müəllif", "Ən yüksək h-indeksli müəllif" nominasiyaları üzrə qaliblərin müəyyən edilərək mükafatlandırılması, "Gənc istedadlar" liseyində BDU-nun 100 illik yubileyinə və "Elm günü"nə həsr olunmuş "Elm həftəsi"nin keçirilməsi, BDU alimlərinin 2018-ci il üzrə elmi nailiyyətlərini əks etdirən sərginin təşkili, AzTV-də BDU-nun 100 illik yubileyinə və "Elm günü"nə həsr olunmuş "Gənclərin elmi fəaliyyətə təşviqində nəsillərarası münasibətlərin rolu" mövzusunda verilişin təşkili də nəzərdə tutulub.