Azərbaycan səfirliyi İspaniyaya nota verib Hadisə

Azərbaycan səfirliyi İspaniyaya nota verib

"Qətnamənin qəbulu qərəzli addım kimi qəbul oluna və müvafiq nəticələrə səbəb ola bilər"

İspaniyanın Bask vilayəti parlamentinin Avropa və xarici əlaqələr komitəsi qondarma "Dağlıq Qarabağ Respublikası"nın öz müqəddəratını təyinetmə haqqını dəstəkləyən qanun layihəsinə düzəlişləri təsdiq edib.
Qondarma "xarici işlər naziri" Karen Mirzoyanın İspaniyanın Bask vilayətinə səfəri və keçirdiyi görüşlər zamanı qəbul olunan sənəddə "Dağlıq Qarabağ xalqı"nın öz müqəddəratını təyin etmə və qondarma "Dağlıq Qarabağ Respublikası"nın münaqişənin həlli istiqamətində gedən danışıqlara tərəf kimi qatılma haqqı qabardılır.
AzərTAc xəbər verir ki, yayılmış məlumatları araşdıran Azərbaycanın İspaniyadakı səfirliyi İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə nota göndərib. Notada deyilir ki, İspaniyanın yerli və regional rəsmiləri tərəfindən bu cür qətnamələrin qəbul edilməsi cəhdlərinin qarşısı alınmalıdır: "Hər hansı belə qətnamənin qəbulu Azərbaycan Respublikasına qarşı qərəzli addım kimi qəbul oluna və müvafiq nəticələrə səbəb ola bilər".
İspaniya hökumətindən Mirzoyan soyadlı şəxsin "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" adı ilə bu ölkəyə səfəri, onun İspaniyaya hansı pasportla, haradan gəlməsini açıqlayan məlumat istənilib. Gələcəkdə İspaniya ərazisində bu cür səfərlərin və hərəkətlərin qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi tələb edilib.
Bu məsələnin müzakirəsi ilə bağlı sentyabrın 25-26-da Bask hökumətinin başçısı, Bask vilayəti parlamentinin sədri, Bask parlamenti fraksiyalarının rəhbərləri ilə görüş nəzərdə tutulub.