“21 Azər” hərəkatının anım günü keçirilib Hadisə

“21 Azər” hərəkatının anım günü keçirilib

Əjdər Tağızadə: "Azərbaycanın güneyində artıq bütövlüklə bağlı ciddi bir hərəkatın bünövrəsinin qoyulub"

Dünən - insan haqlarının qeyd olunduğu gündə Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycanla bağlı böyük tədbir düzənləyib.
Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı açdıb. DAK həmsədri çıxışında 21 Azər (dekabr) hərəkatından ətraflı bəhs edib. O, çıxışında 1945-ci ildə Azər ayının 21-də Güney Azərbaycanda hökumətin qurulmasından, o dövrki siyasi vəziyyətdən əhatəli söz açıb. S.Rüstəmxanlı çıxışında televiziyalara irad tutaraq bildirib ki, son vaxtlar Güney azərbaycanlılarla bağlı tədbiri işıqlandırmağa televiziyalardan heç kim gəlmir: "Son dövrlər televiziyalarda bu mövzuya elə bil qadağalar qoyulub".
Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə də çıxışında Azərbaycanın bütövlüyünə inanmayanları qınayıb. O, Azərbaycanın güneyində artıq bütövlüklə bağlı ciddi bir hərəkatın bünövrəsinin qoyulduğunu söyləyib: "Kim burada rahatlıq görəndə deyir ki, Azərbaycanın bütövlüyü cəfəngiyatdır. Artıq belə bir hərəkatın bünövrəsi qoyulub və Azərbaycanın bütövlüyü labüddür".
Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmut Bilgin isə çıxışında 21 Azər hərəkatının məğlubiyyət səbəblərindən, eləcə də Cənubi Azərbaycanda hazırda gedən proseslərdən söz açıb: "21Azər hərəkatının uduzmasının səbəbi xarici qüvvələrin bizi dəstəkləməməsi oldu. Bu gün də 10, 20 min adam Pişəvəri davamçısı olsa da, yenə də eyni aqibət yaşanacaq. Çünki zəif nöqtəmiz var. O da dəstəyin olmamasıdır".
Partiya sədri daha sonra milli ayrı-seçkiliklə də bağlı iradlarını bildirib, cənublulara dünya ictimaiyyəti tərəfindən dəstəyin olmamasından danışıb və lobbiçiliyin vacibliyini vurğulayıb: "Kürdlərin bir balaca torpağına həmlə edəndə o saat hücuma keçirlər. Onlar lobbiçiliyə önəm verirlər. Təəssüf ki, bizdə belə bir hərəkat yoxdur. Yəni lobbiçiliklə bağlı heç bir dövlət bizə dəstək vermədi. Bir sözlə, zəif yerimizi tapmaq lazımdır ki, aradan qaldıra bilək. Yoxsa biz hər dəfə beləcə toplaşaraq keçmişi yada salaraq yas saxlayacağıq. Bilməliyik ki, Bütöv Azərbaycana gedən yol Güney Azərbaycanın istiqlaliyyətindən keçir. Bunun üçünsə lobbiçilik gücləndirilməlidir".