Havalar kəskin pisləşəcək Hadisə

Havalar kəskin pisləşəcək

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Sinoptiklər hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, ayın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 8-də ötən günlə müqayisədə 10-12 dərəcə aşağı enəcəyi, ayın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, 9-u gün ərzində 0 dərəcəyə yaxın, ayın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq, ayın 10-dək fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Azərbaycan yol polisi də qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sürücülər və avtomobil sahibləri yaxın günlərdə Azərbaycanda havaların qarlı, şaxtalı keçəcəyini nəzərə alaraq nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirməlidirlər.
Şöbə rəisi sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadəni tövsiyə edib: "Artıq respublikanın bir sıra bölgələrində qar yağacağı, yolların səthinin buz bağlayacağı barədə xəbərdarlıq edilib. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar".
Onun sözlərinə görə, avtomobilin şinləri normalara cavab verməzsə, avtomobil yol hərəkətindən kənarlaşdırılacaq: "Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq".
K.Əliyev həmçinin qeyd edib ki, sürücülər bir daha avtomobildə antifrizin, şüşə silənin və s. vəziyyətinə diqqət yetirməli, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməli, avtomobillərini zəncir, dartı kəndiri və s. lazımi avadanlıqlarla təmin etməli, təqib məsafəsinə diqqət yetirməli, məcbur qalmadıqca ötmə hərəkəti etməməli, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmalı, xüsusilə yağıntı düşən, yolların buz bağladığı ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər.
Qeyd edək ki, sinoptiklər yanvarın 7-dən etibarən Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi, sulu qar, qar yağacağı, bəzi bölgələrdə havanın şaxtalı olacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq ediblər.