20 Yanvar faciəsi ilə əlaqədar filmlərin nümayişi başlanır Hadisə

20 Yanvar faciəsi ilə əlaqədar filmlərin nümayişi başlanır

Tərlan

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 20 Yanvar və Xocalı faciələrinin ildönümlərində "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyaları tərəfindən istehsal olunmuş hərbi vətənpərvərlik mövzusunda filmlərin nümayişi həyata keçiriləcək. Bu məqsədlə yanvarın 16-da 1 saylı uşaq evinin şagirdləri üçün Milli Qəhrəman Mübariz İbrahimova həsr edilən "Mübarizlik zirvəsi" və Qorxmaz Eyvazova həsr edilən "Adına yaraşan oğul", yanvarın 19-da saat 12:00 və 16:00-da isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və Bakı Ali Neft Məktəbinin tələbələri üçün Milli Qəhrəman Nizami Məmmədova həsr edilən "Ömrümün şah zirvəsi", Gültəkin Əsgərovaya həsr edilən "Gültəkin", Mübariz İbrahimova həsr edilən "Mübarizlik zirvəsi" filmləri nümayiş olunacaq.
19 yanvar 2015-ci il tarixində saat 10:00-da, 11:00-da və 12:00-da isə "Vətən" kinoteatrının təçkilatçılığı ilə 1 nömrəli orta ümumtəhsil məktəbində məktəbin şagirdləri üçün Azərbaycanına Milli Qəhrəmanları Fazil Mehdiyev, Asif Məhərrəmov və Şirin Mirzəyevə həsr olunan "El təəssübü vətən məhəbbəti", "Haqqa söykənən həyat və "Şirin Mirzəyev" sənədli filmləri nümayiş etdiriləcək.
20 Yanvar təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı təcavüzdür. 1990-cı ilin 19 yanvar şənbə gecəsi qanla başlasa da, azadlığın şəfəq kimi saçıldığı günə çevrildi. Tariximizin 20 Yanvar səhifəsi incəsənət əsərlərində əksini tapdıqca yaddaşlarda daha dərin izlər buraxaraq həkk olunur. 20 Yanvar Azərbaycan rejissorlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalmaqdadır. Elə bu səbəbdən də son zamanlar çəkilən filmlərdə həm milli tariximiz, həm taleyüklü məsələlərimiz əksini tapır, 20 Yanvar və Xocalı faciəsi, Qarabağda gedən döyüşlərlə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilən sənədli filmlər istehsal edilərək kino tarixinin səhifələrində özünə yer ayırır. Son dövrdə ardıcıl olaraq dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bir neçə tarixi bədii film, "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında isə silsilə xarakterli Milli Qəhrəmanlara həsr edilən sənədli filmlər çəkilmişdir.
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü teatr - konsert müəssisələrində, kitabxanalarda , mədəniyyət ocaqlarında da qeyd olunacaq. Belə ki, bu münasibətlə 11 yanvar tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operası nümayiş olunub. Yanvarın 16-da isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Xəcələt" və yanvarın 20-də isə İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşasının nümayişi nəzərdə tutulur.
Anım tədbirləri çərçivəsində yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında daha bir operanın - Firəngiz Əlizadənin "İntizar " operasının nümayişi reallaşacaq.
Elə həmin gün Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş gecə də keçiriləcək. Tədbirdə Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlər iştirak edəcəklər. 18 yanvar tarixində isə tamaşaçılar "Yuğ" Dövlət Teatrında Ülviyyə Heydərovanın "Yad. Daş" adlı tamaşasını izləyə biləcəklər. 20 yanvar günü isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı izləyicilərinə Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" adlı tamaşasının təqdim edəcək. Şuşa Musiqili Dram və İrəvan teatrlarında da 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar toplantılar və tamaşalar təşkil olunacaq.