Komitə sədri ISESCO-nun baş katibi ilə görüşüb Hadisə

Komitə sədri ISESCO-nun baş katibi ilə görüşüb

Mübariz Qurbanlı: "Maarifçilik ekstremizmə, radikalizmə və terrorçuluğa qarşı mübarizənin ən effektli yoludur"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
Komitədən verilən məlumata görə, qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri M.Qurbanlı Azərbaycanın dostu olaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. M.Qurbanlı bu il mayın 15-də ISESCO-nun Rabat şəhərində yerləşən baş qərargahında Dövlət Komitəsi tərəfindən keçirilən beynəlxalq konfrans və sərginin təşkilinə verdiyi dəstəyə görə baş katibə minnətdarlığını bildirib.
O, qeyd edib ki, istər beynəlxalq təşkilat olaraq ISESCO-nun, istərsə də şəxsən Əbdüləziz bin Osman əl-Tüveycrinin Azərbaycanla, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.
Dövlət Komitəsinin fəaliyyəti haqqında danışan M.Qurbanlı dini maarifləndirmə sahəsində görülən işləri vurğulayıb. O bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev təhsil və maarifləndirmə işinə xüsusi diqqət yetirir və Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında etdiyi çıxışda da bu məsələni xüsusi qeyd edib. Məhz bu amil hər bir ölkədə ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı mübarizə aparmağın ən effektli yoludur. Dövlət Komitəsinin sədri bildirib ki, dövlətin din siyasətini həyata keçirən qurum kimi, məhz bu prinsipi rəhbər tutaraq fəaliyyətində maarifçilik işinə xüsusi önəm verir.
Səmimi qəbula görə Dövlət Komitəsinin sədri M.Qurbanlıya təşəkkür edən Əbdüləziz bin Osman əl-Tüveycri ölkəmizi çox sevdiyini, Azərbaycanın yaxından dostu olduğunu məmnunluqla qeyd edib və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını özünə borc bildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi inkişaf yolunu təqdir etdiyini, Azərbaycanın bütün dünya ölkələrinə parlaq model olduğunu və bunun dünyaya nümayiş etdirmənin zəruriliyini vurğulayıb. ISESCO-nun baş katibi Dövlət Komitəsi ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin, üzv dövlətlərlə birgə layihələr həyata keçirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı ölkəmizin tolerantlıq və multikulturalizm ənənələri yönündə nümunə olduğu, ISESCO ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi, eyni zamanda, birgə fəaliyyətin nəticəsi kimi İslamın dostluq, həmrəylik və birgə yaşayış dini olduğunun dünyaya çatdırılmasının vacibliyi ifadə olunub.