“TANAP Avropa İttifaqı üçün strateji layihədir“ İqtisadiyyat

“TANAP Avropa İttifaqı üçün strateji layihədir“

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi, sözsüz ki, region, eyni zamanda Avropa İttifaqı üçün çox strateji layihədir.
Bunu "Report"a energetika üzrə ekspert, doktor Vassilios Sitaras bildirib.
Onun sözlərinə görə, o, bu layihəni 7 ildir izləyir və 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə arasında TANAP-la bağlı hökümətlərarası sazişin imzalanması onun üçün xoş sürpriz olub.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ layihənin icra edilməsi üçün böyük məsuliyyət daşıyıb, layihəni 6 il ərzində qrafikə uyğun və ilkin dəyərindən də aşağı qiymətə reallaşdırmağı bacarıb. Əks halda, ümumiyyətlə, Cənub Qaz Dəhlizi təşəbbüsü gerçək olmazdı, necə ki, bu, "Nabucco" layihəsində baş verdi: 10 il tədqiqat və işlərdən sonra bu istiqamətdə heç bir iş görülmədi. Ümumilikdə götürdükdə, Türkiyə və Azərbaycan tipik "bazar uğursuzluğu" zamanı bizə enerji təhlükəsizliyini təmin etmək üçün xilasa gəlib", - ekspert bildirib.
TAP (Trans Adriatik Boru Kəməri) layihəsi barədə danışan V.Sitaras bildirib ki, bu layihə ilkin olaraq Avropa İttifaqının təbii qaz tələbatının 2 faizini ödəyəcək: "Bu rəqəm kiçik görünsə də, əslində, Cənubi Avropa ölkələri üçün çox əhəmiyyətli ola bilər. Enerji mənbələrinin diversifikasiyası enerji təhlükəsizliyi üçün önəmlidir və ona görə də kiçik həcmdə diversifikasiya sıfır səviyyədə olan diversifikasiyadan yaxşıdır. Digər tərəfdən, Rusiya Avropa üçün əsas qaz ixracatçısı olaraq qalacaq".
TAP layihəsinin tikintisinin gedişatı barədə danışan Vassilios Sitaras qeyd edib ki, kəmərin Yunanıstan və Albaniyadan keçən hissəsinin 95%-i təmizlənib və boruların 70%-i artıq torpağa yerləşdirilib. O əlavə edib ki, kəmərin tikintisi qrafikə uyğun həyata keçirilir və layihə 2019-cu ilin sonunda tamamlanacaq.
Layihənin Yunanıstan iqtisadiyyatına faydasından da danışan ekspert bildirib ki, bu layihədə 6 000 nəfər çalışır, onlardan 85%-i yerli əhalidir. Onun sözlərinə görə, Yunanıstan bu layihədən 2 mlrd. avro qazanacaq ki, bu da Yunanıstanın əldə etdiyi ən böyük birbaşa investisiyadır: "Biz bu sərmayələrə görə, ümumilikdə, Azərbaycana, xüsusilə SOCAR-a təşəkkür edirik. Bu, həmçinin Yunanıstan iqtisadiyyatına olan inamı da göstərir. Bundan başqa, TAP konsorsiumu kəmərin keçdiyi bölgələrdə Sosial və ətraf mühit investisiya Proqramları (SEİ) da həyata keçirir. Ümumilikdə, TAP layihəsi üzrə Yunanıstan, Albania və İtaliyada bu proqramlara 55 mln. avro məbləğində sərmayə qoyulacaq. Biz bu nəcib addıma görə təşəkkür edirik".