Azərbaycan-Polşa iqtisadi əlaqələri İqtisadiyyat

Azərbaycan-Polşa iqtisadi əlaqələri

Bakıda müzakirələr keçirilib

Tərlan

Noyabrın 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin məlumatına görə, Şahin Mustafayev qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd etmiş, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılmış, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir, iş adamlarının iştirakı ilə birgə biznes forum və işgüzar görüşlər keçirilir, ticarət dövriyyəsinin dinamik artımı müşahidə edilir. Ölkə iqtisadiyyatı barədə məlumat verən Azərbaycanın iqtisadiyyat və sənaye naziri kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu, bu sahəsinin inkişafı istiqamətində sistemli dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndiyini bildirmişdir. Hazırda bir sıra rəqabətqabiliyyətli Azərbaycan məhsulları xarici bazarlara ixrac olunur. Polşanın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu qeyd edən Şahin Mustafayev heyvandarlıq və bitkiçilik sahələrində əməkdaşlıq, Azərbaycan məhsullarının Polşa bazarına ixracı, iri təsərrüfatların və aqroparkların yaradılmasında Polşa təcrübəsinin əhəmiyyətini vurğulamışdır. Aqrar sahədə geniş biznes imkanlarının olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev iş adamları arasında görüşlərin keçirilməsinin işgüzar əlaqələrin genişləndirilməsində faydalı olacağını vurğulamışdır.
Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitski səmimi qəbula görə təşəkkür etmiş, Polşanın kənd təsərrüfatı və bu sahənin inkişaf perspektivləri barədə məlumat vermiş, ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşmüşdür. M.Savitski bildirmişdir ki, Azərbaycan və Polşa arasında kənd təsərrüfatının emal, damazlıq sahələrində, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.
Görüşdə mövcud iqtisadi əlaqələrə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.