“Türkiyə Azərbaycanın dəstəyini heç vaxt unutmayacaq” Müsahibə

“Türkiyə Azərbaycanın dəstəyini heç vaxt unutmayacaq”

Adəm Urfan: "Demokratiya mitinqlərində Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanırdı"

TİKA-nın Bakı nümayəndəliyinin yeni rəhbəri Adəm Urfanın APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Adəm bəy, TİKA-nın Bakı nümayəndəliyinə yeni rəhbər təyin olunmusunuz. Bu, Azərbaycana ilk səfərinizdir, ölkəmizlə bağlı ilk təəssüratlarınız necədir?

- Azərbaycan bizim özümüzü yad hiss etmədiyimiz, öz Vətənimizdə hiss etdiyimiz bir ölkədir. Qardaş ölkəyik. Mən həm də vəzifəm səbəbilə Azərbaycana gəlmişəm. Çox böyük bir inkişafın aşkar hiss olunduğu, həqiqətən də "Qafqazın incisi" adlandırıla biləcək bir Bakı şəhəri ilə qarşılaşdım. Çox inkişaf etmiş, istiqanlı insanların olduğu, heç zaman özümü yad hiss etməyəcəyim bir şəhərdəyəm. Bu baxımdan Azərbaycana gəldiyim, burada işləyəcəyim üçün özümü xoşbəxt sayıram.

- TİKA təhsil sektorunda inkişafa verdiyi dəstəklə də seçilir. Təhsillə bağlı hansı layihələr həyata keçiriləcək?

- Bütün dünyada qəbul olunan bir məsələ var – inkişafın təməlində təhsil və insan resursları dayanır. Qısa müddətli müşahidələrimdən çıxardığım nəticə budur: Azərbaycanda doğrudan da çox qabiliyyətli, təhsilli, gənc insan resursları var. Təcrübələrimizi bölüşməklə bu insan resurslarının iqtisadiyyatın inkişafına daha çox töhvə verməsinə nail ola biləcəyimizi düşünürük. Əlbəttə ki, bunu çoxlu sayda yolu var. Bakı Dövlət Universitetinin idarəetmə fakültəsində belə bir layihə həyata keçiririk. Biz TİKA olaraq insan həyatının doğuşdan ölümə qədər hər dövrünə dair layihə həyata keçirməyə çalışırıq. Təhsil də həyatın bütün mərhələlərini əhatə edən bir şeydir. İbtidai təhsildən başlayaraq uşaqların Azərbaycanda milli dəyərləri ilə tanış olması, xeyriyyəçilik hisslərinin inkişaf etdirilməsi istiqamətində gördüyümüz işlər var. Qaçqın və məcburi köçkünlərin yaşadığı bölgələrdə onların təhsil problemlərini həll etməyə hədəflənmiş layihələr həyata keçiririk. Təhsil sahəsində təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Bu sahədə diqqət yetirdiyimiz məqamlardan biri peşə təhsilidir. Bu, dünyanın çox ölkələrində mühüm problem olaraq qalır. İqtisadi inkişafda ən önəmli insan faktorlarından birini peşəkar mütəxəssislər formalaşdırır. Azərbaycanda həyata keçirdiyimiz peşə təhsili layihələri ilə Azərbaycanın hansı sahələrdə daha çox mütəxəssisə duyduğu ehtiyacı müəyyənləşdirməyə, mütəxəssislərin peşəkarlığını artırmağa çalışacağıq. Türkiyənin bu sahədə çox böyük təcrübəsi var.

- Türkiyə çox ağır tarixi dövr yaşayır. 15 iyul hadisələrindən sonra ölkənizin tarixində yeni bir mərhələ başlayıb...

- 15 iyul gecəsi Türkiyə tarixinin ən uzun gecələrindən biri idi. Ankarada bu ağır gecəni yaşayan, baş verənlərə şahid olan vətəndaşlardan biri də mən idim. Qarşımızda olan çox böyük təhlükədir. Önümüzdə Fəthullah Gülən adı altında təşkilatlanmış bir terror təşkilatı var. Bu terror təşkilatı 15 iyul gecəsi Türkiyənin müstəqilliyinə, türk xalqının milli iradəsinə, seçilmiş liderlərinə, parlamentinə qəddar hücum həyata keçirdilər. Burada bir məqama diqqət yetirmək lazımdır. FETÖ deyəndə nə nəzərdə tutulur? Qarşımızda necə bir struktur var? Bu terror təşkilatı təxminən 40 ildir təhsil sektoru və qeyri-hökumət təşkilatları adı altında gizlənərək dövlətin bütün strateji qurumlarını ələ keçirməyi bacarmış bir terror təşkilatıdır. Anadolu təbirincə desək, "quzu dərisinə bürünmüş canavardır". FETÖ həqiqətən də bütün milli, əxlaqi dəyərləri heçə sayan, öz qeyri-leqal hədəflərinə çatmaq üçün bütün vasitələri mümkün hesab edən, şəbəkələşmiş bir terror təşkilatıdır. Onlar 40 il ərzində manqurtlaşmış üzvlərinin iyrənc inamı ətrafında təşkilatlanıb, 15 iyul gecəsi Türkiyəyə qorxunc kabus yaşada biləcək bir nöqtəyə gəlmişdilər. Təbii ki, onların sonuna çıxmaq asan olmayacaq. Amma onu da bilirik ki, 15 iyulda Türkiyə ordusunun uniformasını istifadə edərək bir qrup xuntaçı dövlət çevrilişi etməyə cəhd göstərdi. Lakin o tarixdə türk xalqı prezidentimizin rəhbərliyi ilə böyük bir cəsarət nümayiş etdirərək bu təhlükənin qarşısını aldı. Küçədəki vətəndaş, sıravi insanlar xuntanın cəhdini öz gələcəyinə, uşaqlarının gələcəyinə, ölkəsinin gələcəyinə böyük təhlükə olduğunu dərhal anladı. Və bunu anlayan kimi prezidentimizin çağırışı ilə küçələrə çıxdılar. Öz gələcəklərinə, parlamentlərinə, demokratiyaya, milli birliyə sahib çıxmağa çalışdılar. Əslində bu, sadəcə çevriliş cəhdi deyil, onlar Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyirdilər. Bu cəhdin qarşısı həm prezidentimizin, həm də türk xalqının böyük cəsarəti ilə alındı. Təəssüf ki, çoxlu qurbanlarımız oldu, 250-yə yaxın şəhidimiz var, o gecə 2 mindən çox insan yaralandı.

Bir məqamı xüsusi vurğulamaq borcumuzdur. 15 iyul hadisələrinin ilk anlarında Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqı prezidentimizin və xalqımızın yanında olduqlarını bəyan etdilər. Bir Türkiyə vətəndaşı olaraq söyləyirəm - verdiyiniz bu dəstək türk xalqı, heç bir vətəndaşımız tərəfindən unudulmayacaq və həmişə hörmətlə xatırlanacaqdır. O gecə azərbaycanlı dostlarımızın, qardaşlarımızın bizim kimi televizor qarşısında əyləşib, türk xalqı üçün dualar etdiyini rastlaşdığımız hər kəs söyləyir. Bu, bizim üçün önəmli idi. Demokratiya mitinqlərində Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanırdı.

Təhlükə hələ keçməyib, amma dövlətimiz bu təhlükəyə qarşı inamlı mübarizə aparır. Təbii ki, bu, sadəcə Türkiyəyə qarşı təhdid deyil. Bu şəbəkə Türkiyədəki kimi, bir çox digər ölkələrdə də eyni şəkildə təşkilatlandı. Təəssüf ki, FETÖ Azərbaycan üçün də təhdid durumundadır. Amma cənab prezident İlham Əliyev və Azərbaycan dövləti bu təhlükəyə qarşı inamlı bir mübarizəyə başlayıblar. Bu anlamda Türkiyənin yanında olduqlarını, FETÖ-yə qarşı ciddi şəkildə mübarizə aparacaqlarını ifadə etdilər. Bu, bizi gerçəkdən sevindirən, birgə mübarizənin aparılmasının vacibliyini ortaya qoyan bir məqamdır.

- 15 iyul hadisələrindən sonra Türkiyədə terror hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb. İki hadisə arasında ciddi bağlılığın olduğu iddia edilir. Türkiyənin terrora qarşı mübarizə siyasətini necə dəyərləndirirsiniz?

Burada bir məqama diqqət çəkmək istəyirəm. Son dövrlər Türkiyədə hərbçi çevrilişdə bu və ya digər formada iştirak etmiş insanlarla bağlı açıq, şəffaf hüquqi proseduralar həyata keçirilir. FETÖ-nün ABŞ-dakı lideri xarici ölkələrdə "Hizmət diasporu"nun qurulması ideyasından bəhs etdi. Hamımızın bu cür cəhdlərə qarşı diqqətli olmağı lazımdır. Çünki indiyə kimi xaricdə Türkiyə və Azərbaycanın maraqlarına qarşı erməni diasporu fəaliyyət göstərirdi, indi isə maraqlarımıza qarşı "Hizmət diasporu" adı altında yeni təhdidlər ortaya çıxacaq. Bu çərçivədə maraqlarımıza uyğun olmayan təbliğatla məşğul bir hərəkatın ortaya çıxacağı gözlənilir. Buna qarşı qərarlı şəkildə mübarizə aparmalı olduğumuzu düşünürəm. Türk xalqı bu mənada çöx mühüm iradə nümayiş etdirdi. Çevriliş cəhdindən iki həftə sonra bu prosesin nəticələrinin tez aradan qaldırılması dollarlarını lirəyə çevirdilər və banklara əmanət qoydular. Söhbət 10 milyon dollarlıq bir rəqəmdən gedir. Bu mənada həqiqətən dünyaya nümunə ola biləcək bir davranış ortaya qoyuldu. Mən azərbaycanlı dostlarımıza bir mesaj vermək istəyirəm. Əmin olsunlar ki, Türkiyə bu prosesdən güclənərək çıxacaq.

Terror hadisələrinin sayının artmasına gəldikdə, ölkəmiz çox çətin bir prosesdən keçir. Ölkəmizi FETÖ, PKK, İŞİD kimi terror təşkilatlarının terror aktları ilə boyun əyməyə məcbur etmək istəyirlər. Yəni, Türkiyə bu an terror təşkilatlarının fəaliyyəti ilə təhdid edilir. Təbii ki, həm polisimiz, həm əsgərlərimiz terrora qarşı ciddi bir mübarizə aparır. Amma bunu da bilirik ki, bu terror təşkilatları eyni məqsədə xidmət edirlər, Türkiyəni öz daxilinə qapanmağa, öz problemləri ilə əlləşən ölkə durumuna salmaq istəyirlər. Azərbaycanda qarşılaşdığımız insanlar terror aktları ilə bağlı narahatlıqlarını ifadə edirlər. Azərbaycanlı dostlarımıza bu sözləri deyirik – bəli, çox çətin bir prosesdən keçirik, çoxlu təhdid və təhlükə ilə qarşı-qarşıyayıq. Amma Türkiyə həm siyasi liderləri, həm müxalifəti, həm mülki cəmiyyət institutları, iş adamları ilə əl-ələ verərək terrora, terrorun hər formasına qarşı mübarizə aparır. İnanıram ki, Türkiyə qısa müddətdə bu işin öhdəsindən gələcək. Və yenidən həm bölgədəki ölkələr, həm dünya dövlətləri ilə münasibətləri normal olan, qlobal sülhə töhvə verən, bu mənada dünyaya mesajlar verəcək bir ölkə olacağıq.

Bu il həm Azərbaycanda, həm Türkiyədə şəhidlərimiz oldu, sizin vasitənizlə şəhidlərin ailələrinə başsağlığı verir, yaralılara şəfalar diləyirəm. Şəhidlərimizin məkanları cənnət olsun. TİKA-nın Azərbaycanda fəaliyyətini aramsız davam etdirməsi, layihələri müzakirə etməyimiz əslində problemləri tezliklə həll edəcəyimizə bir nümunədir. Türkiyə bir tərəfdən terror təşkilatları ilə mübarizə aparır, digər tərəfdən TİKA kimi qurumlar öz fəaliyyətləri çərçivəsində Azərbaycanla Türkiyə arasında əlaqələri dərinləşdirməyə, Azərbaycanın inkişafına maksimum dəstək verməyə davam edir. Bizim burada mövcudluğumuz və 2017-ci ilə dair planlarımız Türkiyənin bu dövrü rahatlıqla geridə qoyacağına aşkar bir nümunədir.