“Sənət həyata münasibətdir” Müsahibə

“Sənət həyata münasibətdir”

Yanvarın 14-də "İrşad" oteldə rəssam Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət "Yüksək ideyalar yolunda" adlı sərgisinin açılışı olacaq. Müsahibimiz rəngkar, qrafik və karikaturaçı rəssam Soltan Soltanlıdır (azadinform.az).
- Soltan müəllim, sizi daha çox karikaturaçı rəssam kimi tanıyırlar. Azərbaycanda karikatura sənətinin ənənələri var. Hazırda bu sənətin ölkəmizdəki durumu sizi qane edirmi?
-Yaradıcılığa karikaturaçı kimi başlamışam. Bu, 1990-cı illərin ortalarına təsadüf edir. O vaxt tələbə idim və maddi durumum çox çətin idi. Belə olduqda mən daha asan bir yol seçdim. Elə də böyük xərc tələb etməyən karikaturaya üstünlük verdim. Bunun üçün kağız, qara tuş və pero tələb olunurdu. Həmin dönəmdə ölkədə müstəqil qəzetlərin sayı çox idi və onlar karikaturaya çox gərək duyurdular. Beləliklə, həftədə bir neçə qəzetdə karikaturam yayınlanırdı və bununla tələbə kimi dolanışığımı təmin edirdim.
Azərbaycanda karikatura sənətinin tarixi həm də peşəkar rəssamlığımızın tarixidir. Bu sənət ölkəmizdə "Molla Nəsrəddin" jurnalı ilə başlayır. Adıçəkilən jurnal xalqımzın çox böyük ədəbi-bədii, ictimai-siyasi və karikatura dərgisi idi. "Molla Nəsrəddin"in nəşrindən sonra Azərbaycanda Sovetlərin gəlişinədək 15-ə kimi satirik jurnal çıxdı. Sovetlər dönəmində bu işi "Kirpi" jurnalı davam etdirdi. Vaxtilə Azərbaycanda güclü karikaturaçılar olub. Müstəqillikdən bu yana onların sayı barmaqla sayılası qədərdir.
- Bildiyimizə görə, bu günlərdə "Yüksək ideyalar yolunda" adlı növbəti sərginiz təşkil olunacaq. Bu, sizin Azərbaycanda təşkil edilən neçənci sərginizdir və onun öncəkilərdən fərqi nədədir?
- Bu sərgi ölkəmizdə yeddinci sərgimdir və burada yalnız son iki ildə yaratdığım rəngkarlıq əsərlərim nümayiş olunacaq. Sərginin adına diqqət çəkmək istərdim. Məni bir rəssam kimi sənətdə yüksək, əbədi ideyalar düşündürür. Sənətkar həmişə yüksək, ölməz ideyalara can atmalıdır. Sənət nə qədər gerçəkliyi ötən, onun mahyyətini göstərən mövzulara müraciət etsə, özünün ölməzliyini, yaşarılığını təmin edər. Elə ki sənət gerçəkliyi yamsılamağa başladı, öz mahiyyətini itirir. Çağımız yeni sənət tələb edir, mən onu yaratmağa çalışıram.
-Bu sərgi üçün toplanmış əl işləriniz əvvəllər haradasa nümayiş olunubmu?
-Əsərlərimin hamısı saytımda sənətsevərlərə təqdim edilir. Sonuncu sərgim ötən il olub. Həmin sərgidən bir neçə iş bu sərgidə də olacaq. Elə işlərim var ki, onları bütün sərgilərimdə göstərmək istəyirəm.
-Yaradıcılığınızda üstünlüyü fəlsəfi mövzulara verirsiniz. Sizcə, qeyri-real məzmunlu rəsmlərə auditoriya marağı kifayət qədərdirmi?
-Dediyim kimi, çağımız yeni sənət tələb edir. Açığı, rəssamlıq tarixində bizə "fəlsəfi" adıyla çox zaman cəfəngiyyat sırınıb. Bu işdə məşhur rəssamlar da böyük "xidmət" göstəriblər. İndi dünya təsviri sənəti elə anlaşılmaz, acınacaqlı duruma düşüb ki, onu qurtarmaq gərəkdir. İnsanları aldatmayan, çaşdırmayan, onlara düzgün yol göstərən, gələcəyə səsləyən, ölməz insani ideyaları özündə təcəssüm etdirən əsərləri kim yaradacaq? Dünyada bu işə xidmət edən az rəssam var.
Azərbaycanda isə fəlsəfə ən yüksək ifadəsini poeziyamızda tapıb. Muğamlarımız isə fəlsəfilk yüksək ruhanilik səviyyəsində üzə çıxır. Rəssamlığımızda fəlsəfiliyə rast gəlmədim. Mən bunu illər öncə başlayan gərgin axtarışlar dönəmində anladım. Nədən aşıqlar mövzuya fəlsəfi, ruhsal yanaşa bilir, rəssamlar yox? Bilirsiniz, bizdə peşəkar rəssamlığın tarixi azdır. Bir də fəlsəfiliyə meyil fərdi özəllikdir. Hər kəs yaradıcılığının ən yüksək məqamına yetmək istər. Bu, hikmətə, həqiqətə yetmək, onu bədii yolla ifadə etmək deməkdir. Rəsmlə fəlsəfiliyi ifadə etmək çətindir. Dərin düşüncədən keçmədən belə əsərlər yaratmaq olmur. Vaxtımın çoxu düşüncəyə həsr edilir. Saatlarla, günlərlə düşünürəm. Əsəri ağlımda bütünlüklə görməyincə çəkmirəm. Mənim üçün yaradıcılıqda başlıca məsələ - ideyadır. İndiyədək ideyası olmayan əsər çəkməmişəm. Həmişə özümü ideyasızlıqdan qorumuşam. Əsər danışmırsa, tamaşaçıya bir romanın dediyini demirsə, ona həyatı anlatmırsa, gerçəkliyi dərk etməyə yardımçı olmursa, az-çox insana xilas yolu göstərmirsə, onun sənətə dəxli yoxdur. Çağımızda rəssamların çoxunun əsərlərində ideyadan başqa nə desən tapmaq olar. Rəng oyunu var, məzmun, fikir yoxdur. Rəssamlıq tarixi belə şeyləri çox görüb.
-Əsərlərinizə qarşı audtoriya marağını artırmaqdan ötrü nə vaxtsa rəssamlığın başqa üslublarına müraciət etməyi düşünmüsünüzmü?
-Mən insanların əsərlərimə marağından heç zaman şikayət etməmişəm. Əksinə onları həmişə əsərlərimlə heyrət içində buraxmışam. Bunun da başlıca səbəbi həyata fəlsəfi münasibətimdir. Başqa üslublarda çəkməyə gərək duymuram. Ona görə ki, başqa üslublarda çəkənlər yetərincədir. Əyri-üyrü çəkənlər, fikirsizliyi, cəfəngiyyatı rəng vasitəsilə ört-basdır edənlər çoxdur. Onara oxşamaqdan həmişə özümü qorumuşam. Mən özümə söz vermişəm ki, sənəti yalan vasitəsinə çevirməyəcəyəm. Rəssamlıqda öz üslubum var. Öz yolumu tapana kimi illər boyu axtarmışam. Hələlik mən onu "irreal" yəni, real olmayan, yüksək bədiiliklə fəlsəfiliyin, məntiqiliyin birliyindən yaranan əsərlər adlandırıram. Mənim əsərlərim əslində anlamlı realizmdir.
-Karikaturanın digər janrlardan əsas fərqi nədir? Onu ciddi janr hesab edirsinizmi?
-Hazırda dünya rəssamlığında karikatura kimi yayğın janr yoxdur. Onun başqa janrlardan başlıca fərqi sadə bir məqamla, nüansla hansısa fikri ifadə etməkdir. Bu baxımdan onu necə ciddi janr saymaya bilərik? Onda gərək "Molla Nəsrəddin"i, onun yaradıcısı Mirzə Cəlili, yazarları Sabiri, Ə.Haqverdiyevi, M.Ə.Möcüzi, Ə.Qəmküsarı, eləcə də oradakı rəssamları İ.Rotteri, O.Şmerlinqi, fəxrimiz Ə.Əzimzadəni və sonrakıları ciddi hesab etməyək.
İndi dünyanın hər yerində karikatura sənəti uşaqlıqdan öyrədilir. Türkiyədə, İranda yüzlərlə karikatura dərnəkləri var. Bir vaxtlar mən də Azərbaycan Karikatura Evi açmışdım, amma yaşatmaq çətin oldu. Dünyanın irəli getmiş ölkələrinin hamısında karikatura muzeyləri var.
Məgər dünyaca məşhur Pablo Pikasso karikaturadan yararlanmayıbmı? Onun əyri-üyrü obrazları karikaturanın təsiri ilə yaranmayıbmı?
Rəssamlıqda indiki modern sənətlərin çoxu karikaturadan yararlanıb. Kim az-çox fikir demək istəyir, o zaman karikaturadan keçməli olur. Bu baxımdan, karikatura olduqca ciddi sənətdir.
-Əsərləriniz xarici ölkələrdə keçirilən sərgilərdə də nümayiş olunurmu?
-Mən illərdir beynəlxalq yarışmalarda, sərgilərdə ölkəmizi ləyaqətlə təmsil edirəm. Beynəlxalq mükafatlarım var. Yaradıcılığıma dünyada verilən dəyərin mindən biri ölkəmizdə verilsəydi, sevinərdim. Dünyanın onlarla ölkəsindəki muzey və şəxsi kolleksiyalarda əsərlərim var.
-Ümumiyyətlə, sənəti əsas dəyərə çevirmək üçün cəmiyyətin üzərinə nə kimi işlər düşür?
-Sənəti sənət dəyərindən salan da, onu dəyərə mindirən də sənətkardır. Sənət həmişə toplumu dəyişməyə, onu irəli aparmağa cəhd edib. Bu baxımdan o, bəlkə də dinlərdən çox iş görüb. Ancaq sənət sona qədər insanı dəyişə, pisliklərdən qurtara bilməyib. Əgər belə olsaydı, dünyadakı ölməz sənət əsərləriylə bəşəriyyət xilas olardı. Sənət ən azı insanı insan sifətində qalmasına yardımçı olur. Qabaqlar toplumdakı eybəcərliklər sənətdən qorxub-çəkinərdi. İndi eybəcərlik sənətdən qorxmur, əksinə sənət ona xidmət edir.
Sənət həyata münasibətdir. Həyata heç bir münasibət bildirməyən istənilən yaradıcılıq sahəsi həqiqi sayıla bilməz. Həyata münasibətinsə iki başlıca yönü var: biri həyata gülmək, o biri həyata ağlamaq! Əslində burada "həyat" dedikdə insan nəzərdə tuturam. Sənətin başlıca, əbədi mövzusu insandır. Biz o zaman gülürük ki, gerçəklik üzərində özümüzü təsdiq edirik. Yəni gerçəkliyi yenəndə özümüzə inamımız artır və biz həyata gülürük. Gerçəkliyə yeniləndə, həyat bizi əzəndə ağlayırıq və hər iki hadisə sənətdə öz təsdiqini tapır. Ona görə böyük yaradıcıların həyata münasibətində bu iki hal özünün dərin ifadəsini tapır. Beləliklə, mən həyata münasibəti olmayan çoxlu yazar, alim, eləcə də rəssam gördüm. Məsələn, nə qədər güldan, nar, Qız qalası şəkli şəkmək olar? Məgər burada yaradıcılıq var?
-Əsərlərinə baxıb ruhlandığınız rəssamlar varmı?
-İnsan idrakının yaratdığı ali dəyərlərə baxıb heyrətlənmiş, ruhlanmışam. Yetər ki, yaradılana ləyaqətli yanaşma olsun. Ona görə ad çəkmədən yaradıcılığını təqdir etdiyim, heyrətləndiyim rəssamlara borcluyam. Ancaq mənim yolum onların yoluna oxşamır. Hesab edirəm ki, onların etdiklərini təkrarlamağa gərək yoxdur. Açığı, heç bir böyük imza - nə Pikasso, nə Dali, nə başqası məni təsirinə salmadı. Çünki həmişə içimdə başqalarının demədiyini demək, çəkmək istəyi olub. Həmişə rəsm çəkərkən özümə cəsarət diləmişəm. Rəsm çəkmək döyüşə girmək kimi bir şeydir: uda da bilərsən, uduza da.
-Əsərlərinizdə istifadə etdiyiniz rənglərin xarakterinizlə nə kimi bağlılığı var?
-Hərdən düşünürəm ki, mən kənddə doğulmasaydım, o əngin, uca səmanı, yaşıl biçənəkləri, sıldırım dağları, buz bulaqları, tozlu-palçıqlı yolları, cığırları görməsəydim, quşların, çayların səsini eşitməsəydim görəsən, rəssam olardımmı? Yox! Kənddə görüb heyrətləndiyim o şeylərin hamısı əsərlərimdə var. Əsərlərimdə təsvir edilən hadisələrin çoxusu təbii mühitdədir. Ona görə yaşıl rəng məndə çox işlənir. Ən çox heyrət etdiyim təbiət hadisəsi buluddur. Buludla bağlı çoxlu əsərlərim var. Onu mən ayrıca obrazlaşdırmışam, mənalandırmışam.
-Yarımçıq qoyduğunuz əsəriniz olubmu?
- İstədiyimi alınmayanda cırdığım, rənglərini qaşıyıb yenidən çəkdiyim əsərlər olub. Çox əsərlərimdən imtina etmişəm, yəni bilərəkdən cırmışam. Sadəcə bunu bacarmaq gərəkdir. L.Tolstoy eyni əsərini dəfələrlə yazıb. O deyirdi ki, əsl yazıçı odur ki, yazdıqlarını poza bilsin. Belə hallar o zaman baş verir ki, yaradıcı daha yüksəyinə can atır. Məni təmin etməyən əsəri niyə saxlamalıyam, əsər saymalıyam?
-Sifarişlə rəsm çəkirsinizmi?
-Ötən il mənim üçün bu baxımdan yaddaqalan oldu. Dövlət Neft Şirkəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə layihəsi olan "Molla Nəsrəddin lətifələri" kitabı nəfis tərtibatda çap olundu. Molla Nəsrəddinlə bağlı elə bir lətifə qalmadı ki, oraya salınmasın. Kitabın rəssamlığı mənə tapşırıldı, 48 illüstrativ karikaturam ora daxil edildi.
Bundan başqa uşaqlar üçün nəzərdə tutulan "Dədə Qorqud kitabı"na 15-ə yaxın rəsm çəkdim. Eləcə də başqa bir sifarişdə yenə də uşaqlar üçün Azərbaycanın tarixi hökmdarlarının obrazlarını yaratdım.
-Ən çox maraq doğuran və ən çox mükafata layiq görülən əsəriniz hansı olub?
-Mükafat qazanan əsərlərim çoxdur. Qaydalara görə, mükafat qazanan əsəri daha başqa yarışmaya göndərmək olmaz. Elə əsərlərim var ki, çoxlu sərgilərdə göstərilib və kataloqlara düşüb. Məsələn, "At kimindir" əsərim çox sərgilərdə nümayiş olunub.