“Azərbaycanda ziyalıları müdhiş qətliama məruz qoymuşdular” Müsahibə

“Azərbaycanda ziyalıları müdhiş qətliama məruz qoymuşdular”

Xəlil Akıncı: "Azərbaycana liderlik edə biləcək kim varsa, Türkiyəyə və başqa yerlərə qaçıb canlarını qurtara bilməmişdilərsə, məhv etmişdilər"

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının qurucu baş katibi və hazırkı müşaviri, Türkiyənin Moskvadakı keçmiş səfiri Xəlil Akıncının APA-ya müsahibəsini təqdim edirik.

- Diplomatik iş üçün Moskvaya nə vaxt getdiniz?
- İlk dəfə 1975-ci ilin avqustunda Türkiyənin Zaqrebdəki Baş Konsulluğunda vəzifə müddətimi başa çatdırıb maşınla Macarıstan vasitəsilə getdim. 1978-ci ilin martında Türkiyə Xarici İşlər Nazirliyinə qayıtdım.
- Moskvada türkoloqlarla yaxın əlaqələr yaratdığınızı demişdiniz.
- Bəli, o vaxtlar SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə yaxın əlaqələr yaratmışdım. Sovet kəşfiyyatı buna əngəl olmağa çalışsa da, mən bunu normal qəbul edərək işimə davam edirdim. Qəribədir ki, kəşfiyyat məni əngəlləməyə çalışsa da, Elmlər Akademiyasının işçilərinə mənimlə görüşməmələri üçün təzyiq göstərə bilmirdi. Elmə çox yüksək qiymət verilirdi. Mən həm siyasi, həm də elm və mədəniyyət sahəsindəki işlərə cavabdeh idim. Səfirimiz Namık Yolga məni təkcə Moskva və Leninqrada yox, SSRİ-nin müxtəlif respublikalarındakı mədəniyyət tədbirlərinə göndərirdi. Türkiyədən gələn mədəniyyət qruplarını mən koordinasiya edirdim. Türkoloq Əkbər Babayev isə Türkiyədən gələn bütün heyətləri qarşılayaraq yaxın münasibət yaradırdı.
- Əkbər bəylə münasibətləriniz barədə daha ətraflı danışa bilərsinizmi?
- Danışaram... (Yerindən qalxaraq kitab şkafının seyfindən 1929-cu ildə çap edilmiş Rusca-Türkcə lüğəti çıxarır – M. Ə.) Məsələn, indi burda bir sözlük var: Rusca-Azərbaycanca deyil, Rusca-Türkcə. Əkbər bəy bunu mənə hədiyyə verib dedi ki, gələcəkdə çox karına gələr. Həqiqətən də çox işimə yaradı. Bir adam mənə "azəricə" deyincə bunu göstərirdim. İlk səhifəsinin surətini çəkib cildlətdirdim. Mənimlə mübahisə etmək istəyənlərə deyirəm ki, bax, Rusca-Türkcə lüğət. Əkbər Babayev hədiyyə verib, sən də bunun fotosunu çək. Üz qabığının ikinci səhifəsindəki imzadan kitabı Əkbər bəyə bir qadının hədiyyə verdiyi görünür. Bu kitab indi də işimə yarayır, biri "azəricə" deyən kimi, bunu göstərirəm. 1929-cu ildə türkcə olan bir dil daha sonra necə "azəricə" oldu? Cavab verə bilmirlər. Üz qabığının, başlıqların, ön sözün surətini çəkərək istəyənə verirəm. Daha doğrusu, istəyənə yox, məcburiyyətlə verirəm. "Buyurun, görün. Bu qədər qısa müddətdə yeni bir dil meydan çıxmaz. Bu, türkcədir" - deyirəm. Əkbər Babayev Nazim Hikmətin heyranı idi. Əslində Nazim Hikmət də onu öz oğlu kimi görürdü. Ətrafımızda dinləyən olmayanda və ya mikrofon qapalı olanda Əkbər bəy çox maraqlı şeylər danışardı. Məsələn, Nazim Hikmətlə görüşməsin deyə, ona müdhiş təzyiq göstəriblər. Yəni, bir tərəfdən, Nazimə "Dünya miqyaslı sosialist şair" - deyirlər, o biri tərəfdən də Nazim ağlına gələni danışdığına görə, xoşlarına gəlmir. Onu tənha qoymaq istəyirlər. KQB-nin normal taktikası. Əkbər bəy isə daim Nazimin yanındadır. Getməməsi, görüşməməsi üçün ona çox təzyiq göstərirlər, ancaq Əkbər bəy müqavimət göstərir. Müqavimət göstərməsi karyerasına mənfi təsir göstərdi. Xaricə çıxmasına qadağa qoyuldu. Bu məsələ ilə bağlı iki versiya var: birini özü danışıb, ikincisini isə başqaları. Guya 60-cı illərdə ziyalıların etiraz ərizəsinə imza atıbmış, ona görə xaricə çıxmağa qoymurmuşlar. İkinci versiyaya görə isə Nazim Hikmətlə Bolqarıstanda türklərin çoxluqda yaşadığı bölgələrə gedirlər. Oranın bir kolxoz və ya sovxozunda Nazim sədrin kimliyini soruşur. "İvan" deyirlər. "Bəs işçilər kimdir?" "Ayişə, Fatma, Həsən, Hüseyn". Bir türk belə yoxdur, hamısı bolqardır. Bunu görən Nazim onlara deyir ki, siz sosialist-zad deyilsiniz, hamınız faşistsiniz. Sözünü saxlamayan adam idi. Ondan sonra Nazimə heç nə edə bilmirlər, Əkbər bəyin xaricə çıxmasını qadağan edirlər. Türkiyəyə gəlməsinə çox çalışdıq, icazə vermədilər. O vaxtkı prezident Fəxri Korutürk Əkbər Babayevə dəvətnamə göndərdi.
- Allah-Allah...
- Təbii. İcazə vermədilər. Onlar Əkbər bəyi yaxından təqib edirdilər.
- Moskvada ikən Nazim Hikmətin əleyhinə işləmiş İsmayıl Bilən adlı birinin də Əkbər Babayevin Türkiyəyə gəlməsinə əngəl olduğu deyilir. Ecevit də kömək edə bilməyib.
- Ecevit də çox çalışıb, ancaq kömək edə bilməyib. Adam İstanbulu əzbər bilirdi. Türkoloq olduğuna görə türkcəsi mükəmməl idi. Sovetlər İkinci Dünya müharibəsindən sonra İranı əldə etmək üçün xeyli türkoloq yetişdiriblər. Əkbər bəy bəzi şeyləri təfərrüatıyla danışmazdı və ya mən soruşmazdım. Hər halda atasını da 1937-də çox incitmişdilər. Azərbaycanda ziyalıları müdhiş qətliama məruz qoymuşdular. Çünki Türkiyəyə ən yaxın olan azərbaycanlılar idi. Azərbaycana liderlik edə biləcək kim varsa, Türkiyəyə və başqa yerlərə qaçıb canlarını qurtara bilməmişdilərsə, məhv etmişdilər. 1939-cu ilə qədər türkçü olanlar bir anda "azəriçi" oldular. Əlifbanı da buna görə dəyişdirdilər. Amma millət müqavimət göstərirdi, hər kəs səssizcə müqavimət göstərirdi.
- Əkbər Babayevi görmək üçün Elmlər Akademiyasına gedirdiniz, yoxsa işdən kənar yerlərdə görüşürdünüz?
- İşdən kənarda da görüşürdük. Ancaq yayda iş yerində görüşməzdik, kənarda görüşərdik. Təxmin edirəm ki, Əkbər bəyi həmişə təqib etmirdilər. Bir müddətdən sonra deyəsən, məni də təqibdən vaz keçdilər. Ancaq mən maşınımı hansısa metronun önündə saxlayıb metroya minərdim, başqa yerdə görüşərdik. Çünki görüşməyin özü təhlükəliydi. Ancaq maraqlıdır ki, Türkiyədən gələn heyətlərin hamısına mehmandarlıq etməyi Əkbər bəyə tapşırırdılar. Onda mütləq görüşürdük və Əkbər çox ehtiyatlı hərəkət edirdi. Əlbəttə ki, biz də nə danışılsa, Əkbər bəyin bunu gedib deyəcəyini bilirdik.
- Məcburən.
- Bunun çarəsi yoxdur. Hamı bunu bilirdi və Əkbər bəy bizə qarşı istiliyini həmişə qoruyurdu. Bundan başqa, Əkbər bəy nəyi gizlədəcəyini də çox yaxşı bilirdi. Türkiyəyə gəlməsinə icazə vermədilər.
- Ehsan Mustafayevlə də tanış ola bilmişdinizmi?
- Əlbəttə. Onunla bağlı nə lətifələrimiz vardı. İkinci gedişimdə öldüyünü eşidib ehsanına getdim. Mustafayevin Türkiyədə maraqlı macəraları olmuşdu. Polis sovet maşınlarını təqib edirdi. Ancaq Ehsan Mustafayev türkcə yaxşı bildiyinə görə, harasa gedəndə və ya maşınını bir yerdə saxlayanda onu təqib edən polislərə "Övladım, nə var?" - deyə xitab edincə, polislər də "Bağışla, əmi. Biz səni başqası zənn etdik" - deyərdilər... (Gülür – M.Ə.).
- İlk gedişinizdə Elmlər Akademiyasında əlaqə yaratdığınız başqa insanlar kimlər idi?

- Şərqşünaslıq İnstitutu ilə yaxın əlaqələrim vardı. Direktor Babacan Qapurov Tacikistan Kommunist Partiyasının birinci katibi işləmişdi. Onun ya atasi, ya da anası özbək idi. O vaxt instituta ermənilər hakim idilər. Daha sonra Yevgeni Primakov direktor oldu. Qapurov onları müəyyən dərəcədə təmizləməyə çalışdı. Ancaq qəti addımı Primakov atdı. O vaxt SSRİ-nin Türkiyə ilə ümumi bir yaxınlaşma siyasəti vardı, Primakov bunu düşünərək qərarlı addımlar atdı. Mən səfirimiz Namık Yolganı da Qapurov və Primakovun görüşünə aparmışdım. Onlar səfirlə sərbəst söhbət edirdilər. Səfirimiz "Allah-Allah, bunlar danışmaqdan qorxmularmı?" - deyə təəccüblənirdi. Mən isə "Belələri də var. Rejimin əziyyət verməyə gücü çatmayacağı insanlardır" - deyirdim.
- Beləliklə, Moskvanın üç fərqli dönəmini gördünüz.
- Bəli, orada üç dövrdə çalışdım : 1) Vremya zastoya; 2) Perestroyka; 3) Vremya pyanstva... (Gülürük – M. Ə.)