İlham Əliyev Türkmənistan xarici işlər nazirini qəbul edib Siyasət

İlham Əliyev Türkmənistan xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. APA-nın məlumatına görə, R.Meredov Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və dərin ehtiramını Azərbaycan prezidentinə çatdırıb.
O, Q.Berdiməhəmmədovun ən xoş arzularının və Azərbaycan prezidentini Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu İlham Əliyevə təqdim edib. R.Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Prezident İlham Əliyev isə ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini deyib.
Azərbaycan prezidenti ikitərəfli münasibətlərin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Dövlət başçısı Türkmənistan xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İlham Əliyev Q.Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan prezidentinə çatdırmağı xahiş edib.