Minsk qrupunun gizli sövdələşməsi Siyasət

Minsk qrupunun gizli sövdələşməsi

"Avropa Şurasının Parlament Assambleyasında görünməmiş saxtakarlıq baş verdi". Bu barədə hazırda Strasburqda olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa "facebook" səhifəsində yazıb.
Fazil Mustafa sessiyanın gedişində Ermənistanın işğalçılıq siyasətini əks etdirən qətnamələrin müzakirəsi haqda məlumat verib: "Volterin və Markoviçin məruzəsi müzakirəyə çıxarıldı. Volter Böyük Britaniya parlamentinə seçilmədiyinə görə onun məruzəsini ermənilərin dəstəkçisi sayılan Yansen təqdim edirdi. Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı idi və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəllədilər".
Fazil Mustafa qeyd edib ki, iclası AŞPA-nın prezidenti Aqramunt aparsa da, səsvermə yaxınlaşanda qəfildən onu çağırıblar: "Yerinə vitse-prezident keçdi. Səsvermənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər iştirak etmədiyinə görə səsverməni uzadırıq. Nəticədə, Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə rədd edildi. İki faktı deyim ki, Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə, Polşa və başqa ölkələrdə hətta din xadimləri deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Volterin məruzəsi siyasi xarakterli olduğuna görə və işğalı birmənalı vurğuladığına görə Avropa dövlətləri ciddi lobbiçilik göstərərək, qətnamənin qəbul olunmasının qarşısını aldılar".
Deputat bildirib ki, Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı, ancaq mahiyyətcə ekoloji xarakterli sənəd idi: "Ona görə də balansı saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla, səs çoxluğu ilə qəbul edildi. Hər halda, ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da bu şərtlərdə müsbət addım sayıla bilər".
Fazil Mustafa azərbaycanlı deputat Sahibə Qafarovanın AŞPA-nın komitə sədri seçilməsini müsbət addım adlandırıb: "AŞPA-nın bu sessiyasında müsbət hadisələrdən biri də hörmətli xanım millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri seçilməyi oldu. Qeyd edim ki, AŞPA tarixində ilk dəfədir ki, Azərbaycan nümayəndə həyətinin üzvü komitəyə sədr seçilir".