“Azərbaycanla Gürcüstan ortaq mövqedən çıxış edir” Siyasət

“Azərbaycanla Gürcüstan ortaq mövqedən çıxış edir”

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin parlamentinin sədri David Usupaşvili ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bildirilib ki, ölkələrimiz arasında inkişaf edən dostluq və tərəfdaşlıq əlaqələrinin vacib komponentlərindən biri də parlamentlərarası əməkdaşlıqdır və iki ölkə parlamenti arasında qurulmuş sıx əlaqələr dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verir.
Usupaşvili Azərbaycan Milli Məclisi ilə qurulan əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bunu dostluq əlaqələri kimi xarakterizə edib. O, iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığa parlament səviyyəsində töhfə verməyə çalışdıqlarını deyib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında həyata keçirilən layihələr qlobal xarakter daşıyır və bu layihələr iki ölkə arasında mövcud əməkdaşlığın göstəricisidir.
Gürcüstana səfəri və bu ölkənin xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verən Elmar Məmmədyarov isə aparılmış müzakirələri faydalı və səmələri adlandırıb. Nazir xüsusi vurğulayıb ki, Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir və bir-birilərini qarşılıqlı şəkildə dəstəkləyir.