Prezident Cənubi Sudan, Qana, Kanada və Uruqvay səfirlərinin etimadnamələrini qəbul edib Siyasət

Prezident Cənubi Sudan, Qana, Kanada və Uruqvay səfirlərinin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 27-də dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səflərinin etimadnaməsini qəbul edib.
İlham Əliyev Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafında son vaxtlar müsbət irəliləyişlərin olduğunu deyən dövlət başçısı Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay nümayəndə heyətinin fəal iştirakının önəmini vurğulayaraq Uruqvay nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırlayıb. Uruqvay nümayəndə heyətinin bu Forumda ənənəvi olaraq iştirak etdiyini bildirən prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün də yaxşı imkanlar yaratdığını deyib. Son vaxtlar Azərbaycan-Uruqvay əlaqələrinin inkişafında yaxşı dinamikanın olduğunu vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində səfirin fəaliyyətinin də çox böyük əhəmiyyət daşıdığını bildirib.
Səfir Enrike Delqado isə ölkəsinin prezidentinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Uruqvaylı diplomat kifayət qədər yeni olan ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb.
Azərbaycan prezidenti həmçinin Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib. Kodzo Alabo bildirib ki, Qana prezidenti ona Azərbaycanla Qana arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib. O, ilk olaraq Azərbaycan ilə Qana arasında siyasi məsləhətləşmələr haqqında sazişin imzalanması, diplomatik və xidməti pasport sahiblərinin viza rejimindən azad olunması üzərində iş aparılmasının vacibliyini qeyd edib.
Kodzo Kpoku Alabo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji və idman sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Prezident İlham Əliyev Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini də qəbul edib. Azərbaycanın Cənubi Sudanla əlaqələrinin başlanğıc mərhələdə olduğunu deyən dövlət başçısı ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərin nəzərdən keçirilməsinin əhəmiyyətini vurğulayıb. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün imkanların olduğunu deyən prezident İlham Əliyev bu istiqamətdə imkanların araşdırılmasının önəmini qeyd edib.
Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Telar Rinq Denq bunun ölkəmizlə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Azərbaycana ilk dəfədir səfər etdiyini deyən səfir Bakının gözəl şəhər olduğunu vurğulayıb. Cənubi Sudanın dünya xəritəsində ən yeni ölkələrdən biri olduğunu xatırladan səfir Telar Rinq Denq ölkəsinin Azərbaycan ilə yaxşı ikitərəfli əlaqələr quracağına ümidvar olduğunu bildirib.
Azərbaycan prezidenti həmçinin Kanadanın fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
Səfir Kristofer Con Kuter paytaxtımızın inkişafının onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib. O, Kanadanın bir sıra mühüm şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, nəqliyyat, turizm sahələrində fəaliyyət göstərdiklərini qeyd edib. Azərbaycanlı tələbələrin Kanada universitetlərində təhsil aldıqlarını məmnunluqla qeyd edən Kristofer Con Kuter ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Kanadalı diplomat ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Kanada şirkətlərinin uzun illər Azərbaycanda fəaliyyətinə toxunan dövlət başçısı həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Bakıda fəaliyyət göstərən Kanada şirkətlərinə məxsus beşulduzlu iki otelin – "Four Seasons" və "Fairmont" otellərinin regionda ən yaxşı otellərdən olduqlarını bildirib. Dövlət başçısı "Fairmont" otelinin yerləşdiyi müasir memarlıq üslubunda inşa edilən "Alov qüllələri" kompleksinin Bakının yeni simvollarından biri olduğunu deyib.
Prezident İlham Əliyev Kanada şirkətləri ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.