Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi planlaşdırılır? Siyasət

Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi planlaşdırılır?

"Ermənistanın fikrincə yalnız Dağlıq Qarabağda yaşayan köçmə ermənilərə "xalqların özünün müqəddəratını müəyyənetmə" prinsipi tətbiq edilməli və Azərbaycan bununla razılaşamalıdır. Bundan başqa onların tələblərinin mərkəzində "status" almış qurumun Ermənistan tərəfindən mühafizə olunan quru sərhəddi olması dayanır. Eləcə də sülhməramlı qüvvələr adı altında Rusiya qoşunlarının Azərbaycanla Dağlıq Qarabağ ərazisində yerləşdirilməsini planlaşdırırlar". Bunu politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, Ermənistan həmçinin ideoloji nöqteyi-nəzərdən danışıqlar prosesinə ciddi ziyan vurmaqdadır: "Onlar davamlı olaraq sərhəd bölgələrində tez-tez təxribatlar törədir və atəşkəsi pozmağa cəhd edirlər. Bununla kifayətlənməyən işğalçı Ermənistan hətta Bakıda casus şəbəkəsi yaratmağa cəhd edir. Onlar çəkinmədən qeyri-hökumət təşkilatlarının imkanlarından yararlanmağa çalışırlar. Bu yaxınlarda guya Azərbaycandan siyasi sığıncaq istəmiş Martirosyan ailəsinin fəaliyyəti buna sübutdur.
Rəsmi danışıqlarda bu mövqedən çıxış edən Ermənistan münaqişənin həllinin yalnız sülh yolu ilə çözülməsini xüsusi vurğulayır. Azərbaycanın torpaqlarını işğaldan azad etmək bəyanatlarını isə problemin həllinə bilərəkdən maneçilik törətmək kimi qiymətləndirir.
Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi münaqişənin ədalətli həlli prinsiplərindən bir addım da olsa geri çəkilməyib. Ermənistanın provokativ davranışlarına layiqincə və BMT–nin tələblərinə uyğun cavab verib. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz tarixi torpaqlarında ikinci dəfə erməni dövlətinin yaradılmasına imkan verməyəcək".