“Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır” Siyasət

“Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır”

"Dağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir. Prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar". Bu sözləri Rusiya Zabitləri Ekspertlər Şurasının üzvü, hərbi ekspert Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır: "Birinci hissə Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt daxil olmayan 7 rayonunun azad edilməsi məsələsinə həsr edilməlidir. Güman edirəm ki, bu rayonlar beynəlxalq və ya regional oyunçuların nizamı təmin etdiyi demilitarizasiya zonası elan edilməlidir. Bu qüvvələrin nə olacağı ayrı məsələdir. Yəqin ki, onlar MDB, ATƏT və BMT himayəsi altında ola bilər. Diskussiya çərçivəsindən kənarda qalmalı olan məsələ isə bu rayonların Azərbaycanın tərkibinə verilməsidir. Başqa bir variant kimi bu 7 rayona Azərbaycan parlamentinin qərarıyla xüsusi status da verilə bilər. Donbas konfliktinin həlli istiqamətində Ukraynanın neqativ təcrübəsinə diqqət yetirmək olmaz. Problem ideyanın pis olması yox, onu kimin reallaşdırılmasıyla bağlıdır. Sözsüz ki, 7 rayonun rəsmi Bakının idarəçiliyinə verilməsi beynəlxalq müşahidəçilərin iştirakı və beynəlxalq hüquq çərçivəsində baş tutmalıdır".
Ekspertin fikrincə, konfliktin həllinin ikinci hissəsi birbaşa keçmiş DQMV ətrafında konfliktin həllinə həsr edilməlidir: "Burada ATƏT-in Minsk Qrupunun tərkibində Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı birgə komissiya yaradılmasına baxılmalıdır. Bu komissiya problemin həlli üçün diplomatik və siyasi layihələrlə bərabər, iqtisadi layihələr də təklif etməlidir. Bu iqtisadi layihələr siyasi-diplomatik layihələrin əhəmiyyətini və gücünü möhkəmləndirməlidir".
O, rəsmi İrəvanın kompromisə getməyə hazır olmadan belə bir yol xəritəsinin reallaşdırılmasının mümkün olmadığını deyib: "Buna görə də güman edirəm ki, bu, yol xəritəsində siyasi yox, məhz iqtisadi komponent üstünlük təşkil etməlidir. Hər şeydən öncə erməni tərəfinin işğal etdiyi Dağlıq Qarabağ və yeddi rayon problemi iqtisadi əsaslarla (yəni siyasi yox, maliyyə-iqtisadi vasitələr burada əsas amil rolunu oynayır – A.P.) həll edilməlidir". Ekspert əmindir ki, istənilən formatda – Cenevrə, Minsk, Soçi formatında - bu məsələ ilə bağlı sadəcə danışıqların aparılması və Ermənistan-Azərbaycan münasibətləri sistemində konkret layihələr yaratmadan hansısa nəticə əldə etmək mümkün olmayacaq.