Qriqori Trofumçuk: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verir Siyasət

Qriqori Trofumçuk: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva regionlararası forumdan sonra inkişafın yeni dövrünə qədəm qoymuş Rusiya-Azərbaycan münasibətlərinin inkişafına böyük töhfə verir.

Bunu Trend-ə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Bakı və Moskvada ikitərəfli münasibətlərə olan xüsusi diqqət növbəti mərhələnin tarixi önəm daşıyacağına əmin olmağa əsas verir:

“Perspektivdə digər məsələlərin də, ilk növbədə təhlükəsizlik məsələlərinin həlli dayanır. Bu, ümumi inkişafın sürətinə birbaşa təsir edir”.

Ekspert qeyd edib ki, Rusiya-Azərbaycan regionlararası forumu ikitərəfli münasibətlərdə əlamətdar hadisə oldu:

“Forum çərçivəsində keçirilmiş “dəyirmi masalar” mövzu baxımından ikitərəfli əməkdaşlığın bütün spektrlərini əhatə edib. İndi bir çox müşahidəçiləri Moskva və Bakının əməkdaşlıq perspektivləri maraqlandırır, çünki bu amil təkcə regional deyil, həm də beynəlxalq siyasət üçün strateji xarakter daşıyır. Forumun əhəmiyyəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsən iştirakı ilə vurğulanıb. Həm də o, bu vəzifədə Moskvaya ilk dəfə səfər edib. Səfərin ən parlaq məqamlarından biri Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması oldu”.

Onun sözlərinə görə, rusiyalılar Birinci vitse-prezident Mehriban Əliyeva ilə Rusiyanın Baş naziri Dmitri Medvedev arasındakı görüş zamanı səsləndirilən fikirlərə böyük diqqət və minnətdarlıqla yanaşdılar:

“Əsasən da Birinci vitse-prezidentin onun üçün doğma olan "Moskvaya sevgi və Azərbaycanda rus dilinə və Rusiyaya münasibət" barədə sözləri minnətdarlıqla qarşılandı”.

Münasibətlərin ümumi strategiyasına gəldikdə isə, ekspert bildirib ki, bu strategiya keçən il Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Soçi sammitində müvafiq “yol xəritələri” imzalanarkən müəyyən edilib:

“Hesab edirəm ki, indi yalnız müəyyən edilən məqamları reallaşdırmaq lazımdır, çünki bu, artıq layihə yox, reallıqdır. Moskvada keçirilmiş forum da bu tapşırığın öhdəsindən uğurla gəldi, çünki iki ölkənin işgüzar dairələri məhz konrkretlik barədə danışıblar”.