Mərkəz: Azərbaycanlıların qətliamlara məruz qalması beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətini almayıb Siyasət

Mərkəz: Azərbaycanlıların qətliamlara məruz qalması beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətini almayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı açıqlama yayıb. Mərkəzdən daxil olan açıqlamada deyilir ki, hər il 31 mart tarixi Azərbaycan Respublikasında və bütün dünya azərbaycanlıları tərəfindən xalqımızın soyqırımı günü kimi qeyd olunur. 1918-ci il mart-aprel tarixləri Bakı, Şamaxı, Quba, və digər ərazilərdə azərbaycanlıların Bakı Soveti və erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə öldürülməsi, öz yurd-yuvalarından sürgün edilərək repressiyalara tuş gəlməsi kimi qanlı hadisələrlə yaddaşlara həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyət zəminində qətlə yetirilmiş, bu ərazilərdə yerləşən azərbaycanlılara məxsus evlər yandırılmış, məktəblər, xəstəxanalar, məscid və digər infrastruktur və mədəni abidələr məhv edilib. 1918-ci ilin mart qırğınları "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınının davamı idi. "Azərbaycan Demokratik Respublikası (ADR) yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılması üçün Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılıb. Lakin ADR-in süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin tam olaraq təhqiq edilməsi və ona müvafiq siyasi-hüquqi qiymət verilməsi mümkün olmayıb. Bu qanlı hadisələrə müstəqil Azərbaycan Respublikasının yaranmasından sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında adekvat siyasi qiymət verilmiş və həmin gün "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Təəssüflər olsun ki, azərbaycanlıların milli-etnik mənsubiyyət zəminində məruz qaldıqları bu qətliamlar beynəlxalq ictimaiyyət tərəfindən hələ də öz lazımi siyasi-hüquqi qiymətini almayıb. 1918-ci ilin hadisələri ermənilər tərəfindən azərbaycanlılara qarşı davamlı və sistemli şəkildə bu gün də törədilən cinayətlərin əsasında dayanaraq müasir tarixin ən qanlı və qara səhifələrindən birini təşkil edir", - deyə açıqlamada vurğulanır.