Ekspert: Ermənilərin xarici ölkələrdə sərgilədikləri vandal davranış Azərbaycan Ordusunun təxribatlara layiqli cavab verməsinin təsdiqidir Siyasət

Ekspert: Ermənilərin xarici ölkələrdə sərgilədikləri vandal davranış Azərbaycan Ordusunun təxribatlara layiqli cavab verməsinin təsdiqidir

Ermənilərin cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verməsi onların çaşqınlığına səbəb olub və xarici ölkələrdə sərgilədikləri vandal davranış bunun bir daha təsdiqidir.

Bunu Trend-ə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

Azərbaycanlıların hətta düşmənə qarşı mübarizədə belə tarix boyu hüquqi və mənəvi qanunları pozmadığını deyən ekspert qeyd edib ki, xalqımız sivil, mədəni, demokrtaik düşüncə tərzinə malik, tolerant yaşayış tərzini özünün həyat kredosu seçmiş xalqdır:

"Biz bütün dövlətlərlə dostluq və qonşuluq siyasətinin daha öndə olmasını əsas tutan bir ölkəyik. Ermənistan işğalçıdır, bunu bütün dünya bilir. Ancaq insanlıqdan kənar siyasətindən əl çəkəcəkləri, torpaqlarımızı azad edəcəkləri, bizimlə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamaq istədikləri təqdirdə onları özlərinin saldıqları bəladan çıxarmağa hazırıq. Erməistanda hakimiyyətdə olan bütün siyasi komandalar bu ölkəni, o xalqı ağır, acınacaqlı duruma salıblar. Bu gün Ermənistan bütün dünya ilə blokada şəraitində yaşayır. İqtisadiyyatları bərbad günə düşüb, statistikaya nəzər yetirəndə ermənilərin ölkələrindən qaçdıqlarını aydın görürük. Belə biz vəziyyətdə xaricdə olan erməninin dinc və haqlı azərbaycanlıya qarşı aqressiv davranması, vəhşiliklər törətməsi hüquqdan və məntiqdən çox kənardır".

M.Əmirhüseynova hazırda iki cəbhədə mübarizə apardığımızı söyləyərək qeyd edib ki, müasir dünyanın informasiya savaşı daha aktualdır. Onun sözlərinə görə biz KİV orqanlarında, sosial şəbəkələrdə cəbhədəki kimi güclü, bütöv, əzmli olsaq, daha böyük uğurlar qazanarıq:

"Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.

Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.

Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır".

Mahirə Əmirhüseynova indiki məqamda erməni təxribatlarına onların öz dili ilə cavab verməyin düzgün olmadığını düşünür. Onun fikrincə, birlik nümayiş etdirərək düşmənlə sağlam informasiya müharibəsi aparmaq, onların iç üzünü dünyaya bir daha bəyan etmək ən doğru yoldur. Ordu cəbhədə düşmənə layiqli cavab verir. Biz arxa cəbhədə, dövlətin, Ali Baş Komandanın ətrafında sıx birləşərək, mübarizəmizi sivil üsullarla daha sərt şəkildə davam etdirməliyik.