Müsavatda daha nə baş verəcək? Siyasət

Müsavatda daha nə baş verəcək?

Vaqif Hacıbəyli də ADR-i müdafiə edir

Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə birgə yaratdıqları "Azərbaycan Demokratiya və Rifah"ın (ADR) gələcək planları barəsində açıqlama verib. Q. İbadoğlu bildirib ki, hazırda ADR-lə bağlı ciddi fəaliyyətdədirlər.
"Hazırda Təsis Yığıncağının çağırılması məqsədilə təşkilat komitəsini formalaşdırırıq. Təsis yığıncağı ilə bağlı qərarı isə təşkilat komitəsi verəcək. Təşəbbüs qrupu hərəkatın nizamnaməsini və fəaliyyət proqramı üzərində işləyir. Planlaşdırırıq ki, təsis yığıncağına, tələb olunan sənədlər paketi ilə gedək. Həmin sənədləri də qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirək" deyə başqanlığa keçmiş namizəd qeyd edib.
Q.İbadoğlu hərəkatın ofisi ilə bağlı söylənilənlərə də aydınlıq gətirib: "Bəli, ofis də olacaq. Hərəkat təsis yığıncağı keçirdikdən sonra ofis axtaracağıq".
Qubad İbadoğlu bildirib ki, Müsavatda növbədənkənar qurultayın çağırılması ilə bağlı qarşıya qoyulan hədəf dəyişməyib: "Hədəfimiz dəyişməyib, amma hədəfə nəyin bahasına olursa olsun, çatmaq niyyətində də deyiləm".
Q. İbadoğlu Müsavatın son qurultayında baş verən pozuntularla bağlı Ədliyyə Nazirliyinə müraciət etmədiyini də vurğulayıb: "Mən Ədliyyə Nazirliyinə heç bir müraciət etməmişəm və ümumiyyətlə, bu fikirdə olmamışam. Ədliyyə Nazirliyinin qurultayın nəticələrinə müsbət münasibət bildirməsində maraqlıyam".
Onu da qeyd edək ki, Qubad İbadoğlunun yeni hərəkatı Müsavatda çaxnaşma yaradıb. Partiyanın yeni başqanı Arif Hacılının tərəfdarları adəti üzrə bunu Nizamnamənin əleyhinə atılmış addım sayır, narazılarsa bir az da qabağa gedərək, ADR-in Müsavata rəqib ola biləcəyi anonsunu verirlər. Narazılar dediklərindən dönənə oxşamırlar. Tələbləri də bəllidir; növbədənkənar qurultay keçirilsin, partiyadan çıxarılanlar təşkilata qaytarılsınlar.
Amma partiyanın indiki rəhbərliyi bu tələbləri qulaq-ardına vurur. Sözləri keçməyən narazılar isə indiyədək sözdə dediklərini indi əməldə göstərməyə başlayıblar. Belə ki, sonuncu qurultayın rəsmi nəticələrini tanımayan şəxslərin yaratdığı işçi qrup dünən toplaşaraq fraksiya yaratmaq barədə qəti qərara gəliblər. Düzdür, fraksiyanın nə vaxt yaradılacağı, necə adlandırılacağı barədə hələ bir fikir yoxdur, əsas birinci addımı atmaq idi ki, narazılar bunu etdilər.
Araşdırmaçı jurnlidt Qalib İbrahimoğlu hesab edir ki, İbadoğlunun yeni hərəkat yaratması razıları heç də razı salmayıb: "Başqan müavini Nüşabə Sadıqlı ADR-in yaranmasının ancaq tapşırıq ola biləcəyini güman edir. Adam fikirləşir ki, yoxsa, buna nə ehtiyac vardı? Razılar narazıların fraksiya istəyinin Nizamnaməyə zidd olduğunu dedikləri vaxt yeni hərəkatın yaranmasını heç sinirə bilməyəcəklər. Sadıqlının bu sözündən belə anlaşılır ki, ADR də o biri qurumlar kimi fəaliyyətə başlamamış tarixin arxivinə gömüləcək. Başqanlığa keçmiş namizəd Tural Abbaslı isə özü və tərəfdarları ADR-də olmasalar da, hərəkatın yaradılmasını Nizamnaməyə zidd saymır".
T.Abbaslı Müsavatın indiki rəhbərliyinin kürkünə lap birə salır: "Azərbaycan Demokratiya və Rifah Hərəkatı, ola bilər ki, Müsavata rəqib olsun".
Qalib İbrahimoğlunun fikrincə gec-tez elə belə də olacaq: "Bir azdan ADR Hərəkatının partiyaya çevrildiyini eşitsəniz, heç təəccüblənməyin. İndilikdəsə bu hərəkat narazaların fraksiya yaratmaq istəyinə heç bir maneçilik törətmir. Necə ki, artıq qurultayın nəticələrindən narazı qalanların yaratdığı işçi qrup dünən sonuncu dəfə toplaşaraq qəti qərar veriblər. Ki, Müsavat Partiyası növbədənkənar qurultaya getməlidir. Bununla yanaşı onlar fraksiya quruculuğuna da qərar veriblər. Diqqət çəkən məqamlardan biri də Müsavat başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasınınn sədri Vaqif Hacıbəylinin ADR-i müdafiə etməsidir. Hadisələr təzə-təzə başlayanda Hacıbəyli İbadoğlu və tərəfdarlarını ağ yuyub qara sərirdi, indisə onların hərəkatına uğurlar arzulayır. O, başqan tərəfdarlarının yeni hərəkatı hansısa tapşırığın yerinə yetirilməsi kimi dəyərləndirmələrini də tələsik verilən qiymət sayır".

Əli