Nazirlərin Qars görüşü... Siyasət

Nazirlərin Qars görüşü...

Azər Həsrət: "Bu görüş hər üç tərəf üçün çox əhəmiyyətlidir"

Elnur Sultanov: "Gürcüstanın Qarabağla bağlı mövqeyi Bakı və Ankaradan fərqlidir"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dekabrın 10-da Türkiyəyə səfərə gedib. Səfər zamanı E. Məmmədyarovun Qarsda Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri ilə birgə toplantısı olub. Üçtərəfli toplantıda Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Ceyhan, TANAP layihələri və digər regional məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Tamar Beruchashvili artıq Türkiyədə səfərdədir. O, dünən Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlər keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Görüşdə üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.
Tərəflər Transanadolu qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətini də qeyd ediblər. Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankara Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, Ankara Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyir.
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, bu görüş ikitərəfli və üçtərəfli münasibətlər baxımından irəliyə atılmış daha bir addımdır: "Həm də ona görə ki, hər üç ölkə arasında yaxınlaşmanın möhkəmlənməsi Türkiyəylə Azərbaycanın ortaq düşməni olan Ermənistanın təcrid edilməsi baxımından faydalıdır. Buna görə də Qars görüşünü çox əhəmiyyətli hesab etmək olar. Əlbəttə, sonuclar açıqlandıqdan sonra da dəyərləndirmə etmək olar. Amma indidən onu demək olar ki, bu görüş hər üç tərəf üçün çox əhəmiyyətlidir".
Politoloq Elnur Soltanov deyib ki, buradakı görüşlərdə müzakirə olunacaq məsələlərdən biri də Gürcüstan və Azərbaycan üçün regional təhlükəsizlik məsələsidir. Azərbaycan Diplomatik Akademiyasının professorunun sözlərinə görə, belə görüşlər əvvəlcədən planlandığı üçün xüsusi sürprizlər olmur: "Bu üç qonşu ölkəni birləşdirən ən ümdə məqamlardan biri də enerji faktorudur. Çünki kritik məqam ondan ibarətdir ki, Qərbin müəyyən mənada enerji təhlükəsizliyi məhz bu üç ölkədən asılıdır".
Politoloq Elnur Soltanov Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə də münasibət bildirib: "Qarabağ məsələsi də müzakirə olunacaq. Amma Gürcüstanın Qarabağla bağlı mövqeyi Bakı və Ankaradan fərqlidir. Bir çox hallarda Azərbaycanın torpaq bütünlüyünü vurğulamaqdan çəkinir. Torpaq bütünlüyü ikimizin də yaralı yerimizdir. Amma təəssüf ki, biz Gürcüstana verdiyimiz dəstəyi onlardan almırıq. Azərbaycan və Türkiyənin təsiri altında Gürcüstan da, bu barədə daha sərt bəyanatlar verə bilər. Bu baş versə, çox yaxşı olardı. Çünki Gürcüstan rəsmi olaraq Qarabağ məsələsində qorxaqlıq nümayiş etdirir".

Əli