“Bəzi dövlətlərin ikili standartlardan əl çəkməsi lazımdır” Siyasət

“Bəzi dövlətlərin ikili standartlardan əl çəkməsi lazımdır”

"Gələcəyi indidən dəhşətli görünən və Cənubi Qafqaz kimi həssas bölgədə alovlanmaqda olan "narkotik ocağının" vaxtında söndürülməsi üçün bəzi dövlətlərin ölkəmizə qarşı ikili standartlardan əl çəkməsi, xalqımıza zaman-zaman edilmiş təcavüzlərə son qoyulması, sərhədlərimizin bərpa olunması lazımdır".
Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri Əli Həsənovun Komissiyanın İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış "Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi"ndəki məqaləsində əksini tapıb.
Əli Həsənov bildirib ki, son illər narkotik və psixotrop vasitələrə əhali, xüsusən də yeniyetmə və gənclər arasında meylin güclənməsi, onların istifadəsi ilə əlaqəsi olan xəstəliklərin çoxalması, narkotiklərlə əlaqəli sosial problemlərin aktuallaşması və digər amillər ölkədə bu problemin az da olsa artmasını göstərir: "Azərbaycanda ta qədimdən ailə münasibətlərindəki mühafizəkarlıq, böyüyün-kiçiyin yerinin bilinməsi, bəhs etdiyimiz məsələlərdə amortizasiya rolunu oynayıb, ümumən neqativ hadisələrin sağlam Azərbaycan ailəsinə nüfuz etməsinə imkan verməyib. Narkotiklərlə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir. Belə təhlükələrlə üzləşməməyimiz üçün bütün cəmiyyət bilməlidir ki, narkomaniya – qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşımızın ən müqəddəs borcu insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız bu yolla əhalini, xüsusən gənclərimizi narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq".