“Türkiyədəki seçkinin nəticəsi özü ilə böyük problemlər gətirəcək” Siyasət

“Türkiyədəki seçkinin nəticəsi özü ilə böyük problemlər gətirəcək”

Fazil Mustafa: "Kürd partiyasının uğur qazanmasının əsas səbəbkarı AKP-dir"

Cavid

Türkiyədə Böyük Millət Məclisinə keçirilən son seçkilərdə PKK-nın siyasi qanadı olan kürd partiyası HDP-nin 13% miqdarında səs toplaması yalnız qardaş ölkədə deyil, Azərbaycanda da müzakirə və mübahisələrə səbəb olub.
Seçkilərdə HDP-nin bunca səs toplaması nə ilə bağlıdır? Doğrudanmı HDP siyasi bir gücə çevrilməkdədir və yaxın gələcəkdə kürdlərin Türkiyənin siyasi həyatında həlledici rol oynaması qaçılmazdır? HDP-nin bu qələbəsi Türkiyədə millətçiliyin zəifləməsi kimi dəyərləndirilə bilərmi?
Bununla bağlı açıqlama verən millət vəkili Fazil Mustafa bu nəticələrin Türkiyənin gələcəyi baxımından yaxşı heç nə vəd etmədiyini vurğuladı: "Mən baş verənləri kürdlərin müstəqillik əldə etmək siyasətinin başlanğıcı kimi qiymətləndirirəm. Bu seçkinin nəticəsi özü ilə böyük problemlər gətiəcəkdir. Həm siyasət, həm də terror baxımından Türkiyə cəmiyyətində ikili xəttin yürüdülməsi hökmən ciddi qarşıdurmaya gətirib çıxardacaq. Necə ki, seçkilərdən dərhal sonra Diyarbəkirdə bu qarşıdurmanın əlamətləri özünü göstərməyə başlayıb".
F.Mustafa HDP-nin bu uğurunda AKP-nin də həlledici rol oynadığını vurğuladı: "Kürd partiyasının uğur qazanmasının əsas səbəbkarı AKP-dir. AKP-nin yaratdığı imkanlar onları bu yerə gətirib çıxartdı. Əvəllər kürdlərin bu istiqamətində səs verməsi ənənəsi elə də geniş deyildi. Amma AKP elə bir siyasət yürütdü ki, nəticə etibari ilə əksər kürdlər HDP-yə səs vermiş oldu. Kürdlər bu istiqamətdə birlikdə hərəkət etməyə başladılar. Əvəllər MHP-yə, AKP-yə ayrılan səslər bu dəfə HDP-yə yönəlmiş oldu. Nəticədə HDP 13 fazilik bir nəticə göstərdi. Bu AKP-nin bəlkə də düşünülməmiş siyasətinin nəticəsidir. Amma mən bunu məqsədyönlü hesab edirəm. Baxmayaraq ki, bu siyasəti həm də düşünüılməmiş siyasət adlandırmaq olar. Kürdlərin tələbləri qarşısında hökumətin geri çəkilməsi, Öcalanın təlimat vermək imkanlarının artırılması belə bir nəticəyə gətirib çıxartmalı idi.
Əlbəttə ki, kürd problem həll edilməli, bir çözüm yolu tapılmalıdır. Amma kürd problemini bu qədər siyasiləşdirməyin Türkiyənin gələcəyi üçün o qədər də faydalı olmadığı da ortadadır".
F.Mustafanın sözlərinə görə, Azərbaycandan da HDP-yə kifayət qədər səs verilib ki, bunun özü də Türkiyə tərəfindən birmənalı qarşılanmaya bilər:
"Bu, Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Azərbaycanda da ikinci ən çox səs MHP-dən sonra HDP-yə verilib. Bu isə o deməkdir ki, Azərbaycanda da bu potensial kifayət qədər böyükdür. Bu, o qədər də yaxşı səslənməyən gerçəkdir. Bu, elə bir məsələdir ki, Türkiyə ilə münasibətlərə o qədər də xoş təsir bağışlamaya bilər. Çünki bu qədər böyük potensialın olduğunu biz düşünmürdük. Lakin son seçkilər Azərbaycandan da HDP-yə verilən səslərin artdığını göstərir və bu, artıq ciddi bir məsələdir".