“Dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artıb” Layihə

“Dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artıb”

Elməddin Hacılı: "İnsan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb"



"Hər kəsə məlumdur ki, son illərdə dünyada ekoloji problemlər və ekosistemlərə təhlükə törədən amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb. Bu səbəbdən də ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsi tələb edilir. Son illərdə Azərbyacanda ekoloji problemləri önə çəkilərək bu sahədə xeyli iş görülüb. Belə ki, Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı, "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram və digər dövlət proqramları qəbul edilərək həyata keçirilib. 2010-cu il dövlət başçısı tərəfindən ekologiya ili elan olunub və bu istqamətdə bir sıra layihələr və tədbirlər icra olunub. Qeyd edək ki, bugün də ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində müvafiq dövlət proqramları çərçivəsində ardıcıl tədbirlər görülür. Təbii ki, ölkəmizdə ekoloji problemlərin həllində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da fəaliyyəti zəruridir". Bunu Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı deyib. Onun sözlərinə görə, QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır.: "Fikrimcə, əməkdaşlığı qənaətbəxş hesab etmək olar. Dövlətin ekologiya sahəsində siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllində cəmiyyətin daha geniş iştirakını təmin etmək, eləcə də, nazirliyin öz vəzifə və funksiyaları çərçivəsində düzənlədiyi tədbirlər barədə əhalinin məlumatlılığının daha da artırılması məqsədilə müntəzəm olaraq nazirlik əməkdaşlarının, mütəxəssislərinin QHT-lərlə görüşləri, birgə tədbirləri keçirilir, fikir mübadiləsi aparılır. Müxtəlif ekoloji problemlərin həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi, yeni təkliflərin verilməsi ilə əlaqədar keçirilən müzakirələrdə, ölkəmizdə ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lərin rəyləri də öyrənilir və təqdirəlayiq bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, nazirlik çərçivəsində keçirilən bütün tədbirlərdə ictimaiyyətin nümayəndələri iştirak edir və hər hansı bir ekoloji və ətraf mühitlə bağlı məsələ ilə əlaqədar yaradılan komissiyalarda onlar təmsil olunurlar.
Nazirliklə daimi işgüzar əlaqə saxlayan 30-dan artıq QHT, o cümlədən "Ekosfera" Sosial Ekoloji Mərkəzi, Heyvanların mühafizəsi cəmiyyəti, "Ornitologiya" cəmiyyəti, Beynəlxalq Ekoenergetika Akademiyası, "Ekores", Sosial Araşdırmalar Mərkəzi, "Ekoyl", "Yaşıllar" cəmiyyəti, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi, Ekoloji Problemlərin araşdırılması Mərkəzi, "Ekoleks" Hüquq Mərkəzi, İnsan və Ətraf Mühit, "Ekoqraf", Azərbaycan Respublikası Ekoloji İnnovasiya Mərkəzi, "Rüzgar" Ekoloji İctimai Birliyi, Davamlı inkişaf cəmiyyəti, "Ekosos", Energetika və ekologiya, Sosial Ekoloji Treninq Mərkəzi və bir sıra digər ekoloji QHT-lər, nazirliyin bütün tədbirlərinə cəlb edilir, onların təklif və sorğuları əsasında görüşlər təşkil olunur. Eyni zamanda, Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün işçi qrupları yaradılıb və bu qrupların tərkibinə də müvafiq QHT-nin nümayəndələri daxil edilib".
Elməddin Hacılı əlavə edib ki, başqa sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli istiqamətində də QHT-lərin tədbirləri daha da sürətlənib və bir çanlanma yaranıb: "Bu sahədə milli donor inistutlarının maliyyə dəstəyi ilə icra olumuş və icra olunmaqda olan QHT layihələrinə nəzər salmaqla bu canlanmanı müşahidə edə bilərik. "Dünya Gəncləri Alyansı" İctimai Birliyi tərəfindən icra edilən "Mənim şəhərim, mənim evim" ekoloji layihəsi Prezident yanında Gənclər Fondu tərəfindən dəstəklənib. Layihə Bakı şəhər əhalisinin küçə və yollara, parklara məişət tullantılarının atılmasının qarşısının alınması üçün maarifləndirmə işini həyata keçirilib. Üzərində "Mənim şəhərim, mənim evim" və ya "Şəhərimizi təmiz saxlayaq" şüarları yazılmış avtomobil istifadəçiləri üçün daim istifadə etdikləri ətirli asılqanları, xanımlar üçün əl güzgüləri, kişilər üçün brelokların paylanması , dənizkənarı bulvarda və digər mərkəzi parklarda satılan, kütləvi istehlak olunan tumlar və plastik su qablarının üzərinə eyni şüarların yazıldığı stikerlərin yapışdırılması təmin olunub.
Digər bir layihə isə 2012-ci ilin sentyabrından etibarən "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi" adlı layihə olub. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində treninqlər keçirilib və ekologiya hüququna dair məlumat kitabçası nəşr edilib. Eyni zamanda, layihə çərçivəsində Bakı şəhərində "Əhalinin ekoloji hüquqları və onun müdafiəsi mexanizmləri" adlı bir günlük treninq təşkil olunub. Treninqdə əhalinin ekoloji hüquqları barədə iştirakçılara ətraflı məlumat verilib, ekoloji hüquqların müdafiə mexanizmləri barədə iştirakçılarla interaktiv məşğələ keçirilib.
Ötən il Lənkəran şəhərində "Vətəndaş Cəmiyyəti Debat" İctimai Birliyi, ATƏT-in Bakı ofisi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA beynəlxalq kampaniyası, "Təmiz Şəhər" ASC tərəfindən "Green Corps Youth İnitiative" / "Yaşıl Korpus. Gənclər Təşəbbüsü" layihəsi həyata keçirilib. Layihə Lənkəran rayonunda keçirilib, iyun-dekabr aylarını əhatə edib və 2 hissədən ibarət olub. Layihənin birinci hissəsində "Green Corps Summer School" keçirilib.
İkinci hissəsində isə gənclər tərəfindən təqdim edilmiş aksiyaların icrası baş verib. Layihə bilik və bacarıqların artırılması, şəbəkələndirmə, maarifləndirmə, öyrənilmiş dərslərin planlaşdırılması tipində olub. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi "Ətraf mühit və təhlükəsizlik: Ekoloji maarifləndirmə proqramı" adlı layihəni icra edir. Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır. Ötən dövrdə, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Potensial" Sumqayıt Mütəxəssisləri Birliyi tərəfindən "Sumqayıt şəhəri və ətraf qəsəbələrdə sanitariya və ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili", Ekoloji Maarifçilk və Monitorinq İctimai Birliyi tərəfindən "Azərbaycanda cari ekoloji çağrışlarla bağlı debatların keçirilməsi", "Biosfer" İctimai Birliyi tərəfindən "Ekoloji tədrisin keyfiyyətinin artırılmasına yardım" kimi layihələr də həyata keçirilib".
O, bildirib ki, əsas məqsəd ölkə vətəndaşlarının diqqətini daim ekoloji problemlərin həllinə yönləndirməkdir: "Fəal vətəndaşları ekoloji problemlərin həlli üzrə könüllülük hərəkatına qoşmaqdır. Sözsüz ki, vətəndaşların ekoloji problemlərə aid birgə layihələrin icrasına kömək etməsi çox əhəmiyyətlidir. Bundan başqa, əhaliyə QHT-lər tərəfindən Azərbaycanda külək, Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalı və bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir. Yaşıllıqların salınması istiqamətində böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməlidir.
Bu gün QHT sektoru çimərliklərin durumu ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla həllinə yardımçı olması çox vacibdir. Satılan qidaların keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb olunması üçün hüquqi biliklərin artırılması, maarifləndirmə istiqamətində fəaliyyətlərin təşkil olunması da az əhəmiyyət kəsb etmir. Ekoloji cinayətkarlıqla əlaqəli, Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi, daim QHT-lərin gündəmində olmalıdır.
Sonda qeyd edim ki, ekoloji problemlər ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür. Azərbaycanın dövlət strukturlarının və QHT-lərin fəal iştirak etdiyi digər regional ekoloji təşkilatlardan biri Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzidir. Mərkəzin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir".

Ardı gələn sayımızda