Rusiya-Türkiyə münasibəti gərginləşir Dünya

Rusiya-Türkiyə münasibəti gərginləşir

Fərhad Mehdiyev: "Ankara çətin vəziyyətdə qalacaq"

Qabil Hüseynli: "Artıq Ankaranın səbri tükənib"

Cavid

"Türkiyə bu məsələdə haqsız çıxarsa və NATO-dan dəstək görməzsə, Ankara çətin vəziyyətdə qalacaq".
Bu sözləri Türkiyənin Rusiya təyyarəsini vurmasını şərh edərkən politoloq Fərhad Mehdiyev deyib.
Qeyd edək ki, noyabrın 24-də Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.
Ekspert hesab edir ki, təyyarənin türkmanları bombaladığı sırada vurulması çox önəmli faktdır:
"Türkiyə tərəfi bildirir ki, 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə rəğmən, Rusiya təyyarəsi yenə də sərhədləri pozub. Ancaq Rusiya təyyarənin Suriya torpaqları üzərində düşdüyünü bildirir. Bütün bunların dəqiqləşdirilməsi mümkündür. Hər halda bu, çox ciddi bir məsələdir. Bundan sonra Rusiya həmin yerləri bombalamağı dayandıracaqmı? Bax, əsas məsələ bundan ibarətdir".
Politoloq qeyd edib ki, bu məsələdə Amerika Türkiyə qədər həssaslıq göstərmir: "Ona görə də Vaşinqton bu işdə Ankaranın arxasında durmaya da bilər. Halbuki daha əvvəlki məsələlərdə Amerika bildirirdi ki, Türkiyə bu cür hallarda Rusiya təyyarəsini vura bilər.
İndi isə söhbət türkmanlardan gedir. Türkiyə bu məsələdə haqsız çıxarsa və NATO-dan dəstək görməzsə, Ankara çətin vəziyyətdə qalacaq".
F.Mehdiyevin sözlərinə görə, bu hadisə təyyarənin kompensasiyasının ödənilməsinə qədər böyüyə bilər:"Söhbət milyonlarla dollardan gedir. O ki qaldı qarşıdurmaya, Rusiya ilə Türkiyə arasında onsuz da qarşıdurma var. Sual oluna bilər ki, Rusiya bundan sonra həmin bölgələri bombalamaqdan imtina edə bilərmi? Bəzi məlumatlara görə, Türkiyə həmin bölgəyə 500-ə yaxın xüsusi təyinatlı göndərib. Əgər bu məlumat dəqiqdirsə, onda qarşıdurma artacaq. Bu o deməkdir ki, Türkiyə həmin zonada rus təyyarələrinin uçuşuna imkan verməyəcək.
Bundansa, Türkiyə rus təyyarələrini vurmaq üçün "Stinger" tipli raketlər almalı və bunu türkmanlara verməklə problemi daha təhlükəsiz yolla həll etməlidir".
Politoloq Qabil hüseynlinin fikrincə, məsələni ya beynəlxalq məhkəmə, ya da digər siyasi yollarla nizama salmaq mümkündür.
Sabiq dövlət müşavirinə görə, rus təyyarəsinin vurulması iri miqyaslı qarşıdurmalara gətirib çıxarmayacaq:"Rusiya artıq bir neçə gündür ki, Türkman Dağı deyilən bölgədə Bayırbucaq və ona yaxın kəndlərdə yaşayan türkmanları bombardman edir. Məqsəd bu bölgədən türkmanların çıxarılması ilə onların qaçqın halındaTürkiyəyə axını təşkil etməkdir. Türkiyə bildirir ki, ruslar İŞİD-ə qarşı savaşsalar da, əsas əməliyyatlar türkmanlara və ASO-ya qarşı aparılır. Bu, doğurdan da belədir. Rusiya Əsəd rejiminin əsas düşmənləri ASO-ya və onun tərkibində yer alan türkmanlara qarşı mübarizə aparır. Bu son hadisə Rusiya təyyarəsinin Türkiyə hava sərhədini pozması ilə əlaqədardır. Bundan əvvəl də Türkiyə sərhədi iki dəfə pozulub. Ancaq o zaman atəş açılmadı. Görünür, artıq Ankaranın səbri tükənib. Lavrov isə bəyanat verir ki, Rusiya Türkiyə sərhədini pozmayıb. Türkiyə bunun əksini isbat etməyə hazırdır. İndi məsələ ilə bağlı Rusiya ilə Türkiyə arasında Xarici İşlər və Müdafiə Nazirliyi xətti ilə ciddi danışıqlar gedir. Güman etmirəm ki, bir təyyarədən dolayı vəziyyət daha da gərginləşin. Çünki Rusiyanın hərəkətləri qeyri-qanunidir. Zənnimcə, NATO tezliklə bu məsələyə reaksiya verəcək. BMT TŞ-nin məsələ ilə bağlı toplanması mütləq görünür və tezliklə iclas keçirilə bilər. Bir sözlə, kritik bir vəziyyət yaranıb, ancaq bunun iri miqyaslı qarşıdurmalara gətirib çıxaracağına inanmıram. Çünki məsələni ya beynəlxalq məhkəmə, ya da digər siyasi yollarla nizama salmaq mümkündür".