İŞİD-dən əcaib fətvalar: zorlama qaydaları və orqan ticarəti Dünya

İŞİD-dən əcaib fətvalar: zorlama qaydaları və orqan ticarəti

İŞİD terror qruplaşmasının rəhbərliyi əsirlərin orqanlarının çıxarılması barədə fətva verib

Cavid

Bu barədə Amerikanın rəsmi şəxsləri "Reuters" agentliyinə bildirib. Məlumata görə, müvafiq sənəd ABŞ-ın xüsusi təyinatlı dəstəsi tərəfindən Suriyanın şərqində cari ilin may ayında keçirilən xüsusi əməliyyatın gedişatında aşkar edilib. "Müsəlmanların həyatının xilas edilməsi üçün sağ "dönüklər"in orqanlarının götürülməsinə maneələr mövcud deyil. Hətta əgər əməliyyat qurban üçün ölümcül olsa belə", - 31 yanvar 2015-ci il tarixi qoyulmuş "Fətva N68" adlı sənəddə deyilir.
"Dönüklər"ə kimlərin aid edildiyi barədə fətvada heç nə deyilmir. Amma eyni zamanda məlumdur ki, İŞİD xristianları, həmçinin onların baxışlarını dəstəkləməyən şiə və sünniləri girov götürür.
Daha əvvəl İraq hakimiyyəti İŞİD-i sağ girovların orqanlarını götürməkdə və qanunsuz orqan satışında ittiham edib. İranın BMT-dəki səfiri Məhəmməd Əli Alhakim "Reuters"ə bildirib ki, sənədə BMT Təhlükəsizlik Şurasında İŞİD-in orqan ticarəti ilə məşğul olduğunu göstərən sübut kimi baxılmalıdır. Alhakim bu ilin fevral ayında BMT Təhlükəsizlik Şurasına müraciət edərək Mosulda 12 həkimin İŞİD tərəfindən öldürülməsi faktının araşdırılmasını istəmişdi. İraq hakimiyyətinin məlumatına görə, həkimlər orqanların götürülməsi üzrə əməliyyatları həyata keçirməkdən imtina etdiyi üçün öldürülüblər.
Bu il mayın 16-da ABŞ xüsusi təyinatlı dəstəsinin Suriyada xüsusi əməliyyatı zamanı qruplaşmanın maliyyə məsələlərinə nəzarət etmiş liderlərindən biri Abu Sayyaf və onun arvadı Umm Sayyaf öldürülüb. Bildirilirdi ki, onun kompüterlərindən vacib məlumatlar, o cümlədən İŞİD döyüşçülərinin mobil telefonları və qruplaşmanın strukturu barədə qiymətli informasiya götürülüb. Məlumatların ümumi həcmi yeddi terabayt təşkil edirdi.
Xəbərə görə, məlumatlar sayəsində İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin qruplaşmanı necə idarə etdiyi və necə gizləndiyi aydın olub. İndiyə kimi sənədlərin çox hissəsi elan edilməyib. Amma ABŞ hökuməti İŞİD-lə birgə mübarizənin effektivliyinin artırılması üçün həmin informasiyaların bir hissəsini müttəfiqləri ilə bölüşüb. "Reuters"in məlumatına görə, sənədlərin arasında həmçinin "Fətva N64" adlı sənəd var. Burada girov götürülən qadınların mümkün zorlanmasının qaydaları təsvir edilib.