Ukrayna ilə bağlı uzlaşma Dünya

Ukrayna ilə bağlı uzlaşma

ATƏT-in "yol xəritəsi" Cenevrə razılaşması üzrə bütün tərəfləri qane edib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynada böhranının nizamlanması üçün təklif etdiyi "yol xəritəsi" ABŞ, Rusiya, Avropa Birliyi və rəsmi Kiyev tərəfindən təqdir edilib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in rəsmi açıqlamasında deyilir.
"Son günlər ərzində ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter Cenevrə müzakirələrinin yüksək səviyyəli iştirakçıları ilə məsləhətləşmələr zamanı "yol xəritəsinin" konturlarını müəyyənləşdirib. Həmçinin Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyindən müsbət rəy əldə edilib" - sənəddə qeyd edilir.
Qeyd edək ki, "yol xəritəsi"nə döyüş əməliyyatlarının dayandırılması, gərginliyin azaldılması, geniş milli dialoqun başlanması, ölkədə prezident seçkilərinin keçirilməsi və s. daxildir.
Rusiya prezidenti Vladimir Putin də ATƏT-in Ukraynada siyasi böhranın nizamlanması üzrə təklif etdiyi "yol xəritəsini" dəstəkləyib. France-Presse agentliyinin məlumatına görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı mənbə belə deyib.
"ATƏT-in sədri Didye Burkhalter Vladimir Putin ilə telefon bağlantısından sonra bildirib ki, Rusiya ATƏT-in Ukrayna üzrə planlarını və nizamlanma prosesindəki iştirakını dəstəkləyir" - deyə mənbə qeyd edib.
Qeyd edək ki, mayın 12-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.