İran Ermənistanı ittiham edib Dünya

İran Ermənistanı ittiham edib

Həmid Çitçiyan: "Arazın ekologiyasını qorumaq məsələsində rəsmi İrəvan məsuliyyət daşıyır"

İranın energetika naziri Həmid Çitçiyanla Ermənistanın təbiəti mühafizə naziri Aram Arutunyan arasında görüş keçirilib.
APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, görüşdə hər iki ölkənin transsərhəd çayı olan Araz çayının çirkləndirilməsi ilə bağlı məsələ əsas müzakirə mövzusu olub.
İranın energetika naziri Araz çayının Ermənistanın mis zavodunun tullantıları ilə çirkləndirildiyini açıqlayaraq, bu çayın ekologiyasını qorumaq məsələsində rəsmi İrəvanın məsuliyyət daşıdığını bildirib.
H.Çitçiyan jurnalistlərə açıqlamasında deyib ki, keçmişdə Araz çayının yaxınlığında yerləşən mis zavodunda tullantıların təkrar emalı mexanizminin yaradılması tələb olunurdu: "Ancaq bu sistem həmişə aktiv deyil. Görüşdə də onlayn monitorinq sisteminin yaradılması barədə razılıq əldə olunub. Bununla da İran və Ermənistan zavodun tullantılarının təkrar emalı sistemini təmin etməklə Araz çayının ekologiyası ilə bağlı narahatlığı aradan qaldıracaqlar".
Qeyd edək ki, Kür və Araz çaylarının çirklənməsinin əsas problemlərindən biri illik istehsalı 40 min ton olan Ermənistanın "Zəngəzur" mis zavodudur. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu ildə nəşr etdiyi hesabatında hər iki çayın mis və fenol birləşmələri ilə çirklənməsinin 2-6 dəfə artdığını açıqlayıb.