Avropaya qoşun yeridildi Dünya

Avropaya qoşun yeridildi

ABŞ-ın Avropadakı Quru Qoşunları Komandanlığı "Atlantik qətiyyət" əməliyyatı çərçivəsində Şərqi Avropaya və Baltikyanı ölkələrə kütləvi şəkildə ağır hərbi texnikalar göndərir. Amerikanın "Defense News" nəşrinin məlumatına görə, Komandanlıq bununla bağlı Almaniyanı da məlumatlandırıb. Qeyd olunub ki, Avropaya ABŞ-ın birinci zirehli briqadasından 3300 nəfərlik hərbi qulluqçu yola salınır. Həmçinin Texas ştatındakı süvari diviziyadan 2500 ədəd hərbi avadanlıq göndərilir.
Bunlar ABŞ-ın Avropada yerləşdirilmiş 2-ci tank briqadasının birinci piyada diviziyasını əvəz edəcək. Avadanlıqlar Belçikanın Antverpen limanına gəmidə gəlib və onlar buradan nəzərdə tutulan yerlərə nəql olunacaq. Hərbi mənbələr bildirir ki, yeni gətirilən hərbi texnikalar Avropa qitəsində müharibə olacağı təqdirdə effektiv şəkildə işə yarıyacaq. Xəbərlərə görə, Baltikyanı ölkələrə, Polşaya, Rumıniyaya, Macarıstana 87 "Abrams" tankı, 140 "Bredli" hərbi maşınları, 18 "Paladin" qaubitsası, 395 digər tırtıllı maşın göndəriləcək.
ABŞ ordusunun nümayəndələri bəyan edib ki, bu, Rusiyanın regiondakı hərəkətlərinə cavab tədbiridir. Qeyd edək ki, "Atlantik qətiyyət" əməliyyatı Avropa ilə Rusiya sərhədinə qoşunların yerləşdirilməsini nəzərdə tutur. Bu, 2014-cü ildə Krımın işğalından sonra reallaşmağa başlayıb. Qərbdə düşünürlər ki, Rusiya Krımdan sonra postsovet respublikalarının ərazilərini də tutmağa çalışa bilər.