Akar-Şoyqu sammitində tarixi qərar Dünya

Akar-Şoyqu sammitində tarixi qərar

İdlibdəki beş min terrorçu məhv ediləcək

Milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu fevralın 14-də Soçidə baş tutacaq üçtərəfli Ankara-Moskva-Tehran sammitindən qabaq fevralın 11-də İdlib dosyesi açıblar. Terrorçuların ləğv edilməsi planları müzakirə olunub.
"Strateq" "Sabah"a istinadən yazır ki, Türkiyə və Rusiya arasında İdlib üzrə əldə edilmiş anlaşmaya mane olmaq cəhdləri fonunda ABŞ-ın Suriyadan getmək haqda qərarından sonrakı dövrdə diqqət Mənbicə və Fəratdan şərqə yönəlib, iki ölkə yüksək döyüş hazırlığına keçib. Türkiyə və Rusiya yenilənmiş, nəticəyə yönəlmiş işbirliyi strategiyasını bir daha müzakirə edib. Məlum olub ki, milli müdafiə naziri Hulusi Akar Ankarada öz rusiyalı həmkarı Sergey Şoyqu ilə İdlibdəki son durumu nəzərdən keçirərkən eyham vurub ki, Türkiyə sabitliyin qorunması üçün planı sonadək müdafiə edəcək. İki ölkə "Həyat Təhrir əş-Şam" (HTŞ) terror təşkilatının döyüşlərinin intensivləşdirilməsinin cavabında döyüş meydanında öz çəkilərini yenidən artırmaq barədə qərar alıb.
Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidanın qatılmasıyla baş tutmuş danışıqlarda rusların əməliyyat keçirməyə təkid etdikləri HTŞ-nin beş minə yaxın terrorçusunun məhv edilməsi üçün planlar müzakirə olunub. Kəşfiyyatın məlumatında informasiya əksini tapıb ki, HTŞ sıralarında üç qrup terrorçu var. Silahı yerə qoymağa razılaşmayan qruplardan birini Şərqi Türküstandan (Sintszyan-Uyğur muxtar bölgəsi-red.) çıxanlar təşkil edir. İkinci qrupu Qafqazın müxtəlif bölgələrindən gəlmiş silahlı ünsürlər yaradıb. Üçüncü qrupa isə ərəb ölkələrindən, hər şeydən qabaq Şimali Afrikadan əcnəbi döyüşçülər daxildir. Ərəb mənşəli terrorçuların Suriyanın iç bölgələrinə geri çəkildiyi bir vaxtda Şərqi Türküstan və Qafqazdan çıxanlar bölgədə agentura fəaliyyəti aparan müxtəlif mərkəzlərin puluna işləyərək İdlibi qarışdırmaqdadırlar. HTŞ üçün sıradakı variantlar mümkündür: İdlibdən gediş, silahın yerə qoyulması və ya öz ölkələrinə dönüş. Silahı yerə qoymağa razılaşmayanlara münasibətdə isə əməliyyat keçirmək qərarı alınacaq.
Milli müdafiə nazirinin danışıqların yekunları üzrə açıqlamasında məlumat verilib ki, görüşdə Astana və Soçidə əldə edilmiş anlaşmalar çərçivəsində Suriyadakı son durum dəyərləndirilib. Açıqlamada deyilir: "Rusiya Federasiyasının nümayəndə heyətlərilə 2019-cu il yanvarın 31-dən fevralın 2-ədək aparılan iş nəzərdən keçirilib; liderlərin 2019-cu il fevralın 14-də Soçidə baş tutacaq sammitiylə bağlı gərəkli anlaşmalar həyata keçirilib; Astana sazişləri çərçivəsindəki öhdəliklərə və onun həyata keçirilməsi qətiyyətinə tərəfdarlıq təsdiq olunub; mümkün hər cür fitnələrə baxmayraq, İdlibdə barış və sabitliyin təmin edilməsi üçün kəşfiyyatın və silahlı güclər tərəfindən gerçəkləşdirilən işbirliyinin davam etdirilməsinin zərurət və önəminə vurğu edilib; hər şeydən qabaq İdlib hərbsizləşdirilmiş zonasında "təhlükəsizliyin təminatı yönündə qəbul edilə biləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb; Mənbicdəki və Fəratdan şərqdəki durum haqqında Türkiyənin təhlükəsizlik sahəsində Kürdüstan Fəhlə Partiyası / Xalq Özünümüdafiə Dəstələri və İŞİD-dən qaynaqlanan narahatlığının aradan qaldırılması məsələsində vahid anlayış qeyd olunub; Suriyanın siyasi birliyi və ərazi bütövlüyünə sayğı çərçivəsində terrorizmin istənilən təzahürüylə çarpışmada işbirliyinin önəmi bir də vurğulanıb".