Rusiya mətbuatı Sarkisyanı ifşa edib Dünya

Rusiya mətbuatı Sarkisyanı ifşa edib

Tribuna qəzeti: "Ermənistan prezidentinin Soçi bəyanatı dezinformasiya və təxribatdır"

Rusiyanın "Tribuna" qəzetinin ötəngünkü nömrəsində Alesi Dovlatovanın "Təhlükəli dezinformasiya. Yaxın müttəfiqləri Rusiyanı hansı oyuna sürükləmək istəyir?" adlı məqaləsi dərc edilib.
"AzərTAc"ın verdiyi xəbərə görə, material bu ayın əvvəlində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında baş tutan Soçi görüşünə həsr edilib.
Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçi rolu barədə yazır.
Ölkəsinin Azərbaycan və Ermənistanla əlaqələrini xarakterizə edən müəllif qeyd edir: "Ermənistan Rusiyanın tarixi müttəfiqi hesab olunur. Bu ölkə Avrasiya İttifaqına daxil olmağa hazırlaşır. Eyni zamanda, ölkəmizin Azərbaycanla mehriban əlaqələri var. Azərbaycanda rusdilli məktəb və qəzetləri bağlamırlar, "Sovet işğalı muzeyi" yaratmırlar, ümumilikdə Rusiya əleyhinə təbliğatla məşğul olmurlar. Əvəzində isə uğurlu siyasi islahatlar aparırlar; bu ölkədə 10 il ərzində iqtisadiyyatda böyük uğurlar əldə edilib, təxminən bir milyon iş yeri açılıb (doqquz milyon əhalisi olan ölkə üçün!), işsizlik və yoxsulluq kiçik kəsirlə 49%-dən 5%-ə endirilib. Bu gün Azərbaycan Rusiyanın mühüm siyasi və iqtisadi tərəfdaşıdır".
Soçi görüşünün bəzi detalları barədə danışan müəllif bildirib ki, görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul edildiyini xatırladıb və həmin vaxtdan ötən 20 ildən artıq zaman ərzində qətnamələrin kağız üzərində qalmasından təssüfləndiyini söyləyib. Buna cavab olaraq, Ermənistanın dövlət başçısı Serj Sarkisyan "müvafiq qətnamə tələblərini yerinə yetirən yeganə ölkənin Ermənistan olduğunu və onun öz təsirindən yalnız hərbi əməliyyatların dayandırılması üçün istifadə etdiyini" bildirib.
Jurnalist, həmçinin yazır: "BMT Təhlükəsizlik Şurasının iclası boş məsələlərə görə çağırılmır. Şura indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd dəfə çağırılıb və həmin iclasların hər birində bu münaqişə üzrə bir qətnamə qəbul edilib. 822 nömrəli qətnamə 1993-cü il aprelin 30-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra qəbul edilib. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilir və Ermənistan qoşunlarının Kəlbəcər rayonu, o cümlədən işğal edilmiş digər Azərbaycan rayonlarından çıxarılması tələbi yer alır".
Müəllif məqaləni yekunlaşdıraraq bunları yazıb: "Sarkisyanın bu bəyanatları "xəstə"dir. Böyük siyasətdə belə bəyanatlar "təxribatçı" adlandırılır. Və nəzərinizə çatdıraq ki, ermənistanlı lider bu cür "xəstə" bəyanatlarla İrəvanda və ya Gümrüdə tərəfdarları arasında deyil, məhz Rusiyada, rəsmi Moskvanın vasitəçi rolunu üzərinə götürdüyü Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr edilmiş Rusiya və Azərbaycan prezidentləri ilə Soçi görüşündə çıxış edib. Bu isə o deməkdir ki, onun BMT Təhlükəsizlik Şurası qətnamələri barədə mövcud anlayışı bizim də problemimiz ola bilər."