Gürcüstan ölkəsinə qayıda bilməyən əcnəbilərə müvəqqəti yaşayış icazəsi verib Dünya

Gürcüstan ölkəsinə qayıda bilməyən əcnəbilərə müvəqqəti yaşayış icazəsi verib

Koronavirusa görə Gürcüstandan ölkəsinə qayıda bilməyən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər 30 iyun tarixinədək ölkə ərazisində qanunsuz sayılmayacaq.
APA-nın yerli bürosu xəbər verir ki, müvafiq fərman Gürcüstan höküməti tərəfindən imzalanıb.
Bildirilib ki, martın 14-dək Gürcüstana daxil olan və müxtəlif səbəblərdən ölkəsinə qayıda bilməyən əcnəbilərə verilən səyahət müddəti bitsə də, onlar 2020-ci ilin 30 aprelinədək ölkə ərazisində qala bilərlər. Sənəddə qeyd olunub ki, həmin şəxslər yüksək risk zonaları sayılan ölkələrdən olanlar, vətəndaşı olduğu ölkənin sərhədlərini bağlamasına görə ölkəsinə qayıda bilməyənlər, Gürcüstanda xəstəxanalarda müalicə alanlar, karantində və ya özünütəcriddə olanlar, gətirilən məhdudiyyətlər səbəbi ilə Gürcüstanı tərk edə bilməyənlərdir.
Qeyd olunub ki, sənəd imzalandığı gündən qüvvəyə minir və martın 14-dən etibarən yaranan hüquqi məsələlərə şamil ediləcək.