Çinli virusoloq məlumatların gizlədildiyini deyir Dünya

Çinli virusoloq məlumatların gizlədildiyini deyir

Uhan səlahiyyətliləri 2019-cu ilin dekabrında koronavirusun yayılma miqyası ilə əlaqədar təfərrüatları gizlədib. Bu barədə CNN-ə müsahibəsində Çin Dövlət Komitəsinin səhiyyə üzrə komissiyasının rəhbəri Çjun Nanşan bildirib. Həkim yanvarın ortalarında Uhana gəldiyini və virusun insandan insana keçə biləcəyini təsdiqlədiyini deyib. Lakin yerli hakimiyyət orqanları bunu etiraf etməkdən imtina edib və bölgədə koronavirusla bağlı vəziyyətin “nəzarət altında” olduğunu bildiriblər: “O zaman yerli hakimiyyət həqiqəti söyləmək istəmirdi. Əvvəlcə səssiz qalmağa üstünlük vermişdilər, bunun daha çox yoluxmaya səbəb ola biləcəyini dedim”.
Həkimin sözlərinə görə, Uhanda 10 gün ərzində rəsmi yoluxma sayında artım müşahidə olunduqdan sonra infeksiyanın yayılmasının düzgün qiymətləndirilməməsindən şübhələnib. Onda koronavirusun yayılması barədə artıq xaricdən xəbərlər gəlməyə başlamışdı. Virusoloq bildirib ki, Uhan səlahiyyətliləri real məlumatları bir neçə tələb və cəhdlərindən sonra “çox istəksiz” şəkildə təqdim edib. Eyni zamanda, həkim məlumatların gizlədilməsinin yalnız pandemiyanın ilkin mərhələsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, Çin 2003-cü ildə baş verən SARS-ın yayılmasından dərs aldı. Bu dəfə səlahiyyətlilər təhdid altında olan bütün bölgələrdən etibarlı infeksiya məlumatlarının verilməsini tələb edib. “Odur ki, 23 yanvar tarixindən etibarən bütün məlumatlar doğrudur”, - deyə Nanşan əlavə edib.
Xatırladaq ki, “Associated Press” agentliyi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sənədlərinə istinadən Pekinin xəstələrin müalicəsi üçün kifayət qədər vəsait əldə etmək üçün koronavirus xəstəliyinin şiddətini bilərəkdən gizlətdiyini açıqlamışdı.