Liviya Milli Razılıq Hökuməti Haftara güvənmir Dünya

Liviya Milli Razılıq Hökuməti Haftara güvənmir

Haftar bu gün faktiki olaraq küncə sıxışıb. Bunu həm özü, həm onu dəstəkləyən qüvvələr, həm də Liviyanın Milli Razılıq Hökuməti yaxşı bilir. Buna görə də Haftarın yenidən güclənməsinə yol verilməyəcək. Haftarın atəşkəs təklifinin qəbul edilməməsi Liviyanın Milli Razılıq Hökumətinin qəti şəkildə Haftarı məğlub etmək niyyətini ortaya qoyur.
Bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu Liviya Milli Ordusunun marşalı Xəlifə Haftarın ölkədə atəşin dayandırılması təklifini Liviya Milli Razılıq Hökuməti tərəfindən qəbul edilməməsini şərh edərkən deyib. O bildirib ki, Liviya Milli Razılıq Hökuməti Haftara qətiyyən güvənmir: “Liviyada son beş ayda gedən siyasi proseslər onu göstərir ki, Liviyanın Milli Razılıq Hökuməti üstünlüyü ələ ala bilib. Haftar isə mövcud vəziyyətdən çıxış yolu axtarır. O, müdafiə mövqeyindədir və müttəfiqlərindən dəstək gözləyir. Bunun üçün isə vaxt azdır”.
Ekspert bildirib ki, Haftarın Ramazan bayramı ilə əlaqədar təklif etdiyi atəşkəs öz mövqelərini gücləndirmək və müttəfiqlərindən dəstək almaq məqsədi daşıyır: “Münaqişənin müxtəlif zamanlarında bənzər atəşkəs təklifləri olub. Yəni burda yeni bir şey yoxdur. Hətta onu da deyim ki, bu atəşkəs razılaşmalarını hər dəfə Haftar pozurdu. Bu mənada Sərrac hökumətinin atəşkəsə razı olmaması təbiidir. Digər tərəfdən ilk dəfədir ki, Haftar atəşkəs təklifi edir. Bu fakt belə Haftarın Liviyada üstünlüyü itirdiyini sübut edir. Düşünürəm ki, Haftarın Ramazan bayramı adı altında atəşkəs təklifi sadə hiylədən, vaxt qazanmaqdan başqa bir şey deyil”.
Ekspert bildirib ki, Haftar artıq onu dəstəkləyən güclər üçün bir yük halına gəlib: “Haftarın Liviyada zəifləyən mövqeyi onu dəstəkləyən qüvvələrin də diqqətindədir. Heç təsadüfi deyil ki, ötən gün Avropa birliyi etiraf etdi ki, Haftarı dəstəkləməkdə böyük səhv ediblər və Liviyada sülhün tez bir zamanda bərpa edilməsi üçün Liviyanın Milli Razılıq Hökuməti ilə danışıqlara başlamağa hazırdırlar. Digər bir nüansı da qeyd edim ki, ABŞ Liviyada sülhün bərpa edilməsi üçün tərəfləri yenidən danışıqlar masasına oturtmağın vacibliyinə dair bəyanatlar verir. Bu və digər nüanslar onu göstərir ki, böyük güclər də Liviyada Haftarın məğlub olduğunu anlayır”.
Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssisləri Liviyada marşal Xəlifə Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başladıb. “Sozcu.com.tr” saytı xəbər verir ki, bu barədə İngiltərənin “Financial Times” qəzeti yazıb. Liviyalı mütəxəssis Volfram Laçerin fikirləri əks olunan məqalədə bildirilib ki, Xəlifə Haftar və milisinin ilk işi Türkiyə qüvvələrinə mane olmaq üçün Vatiyyə hərbi bazasını vurmaq olacaq. V.Laçer Haftar qüvvələrinin Liviyanın paytaxtı Tripolidəki və Misirdəki havadan müdafiə sistemini hədəf aldığını da qeyd edib. O bildirib ki, Liviyaya Suriyadan gətirilən təyyarələr Türkiyə ilə Rusiya arasında qarşıdurma ehtimalını artırır: “Bu, Türkiyə ilə Rusiya arasında hava qüvvələri üstünlüyünü saxlamaq üçün bir yarışa dönəcək”.
Qeyd edək ki, bu gün Türkiyə XİN Xəlifə Haftar və milislərinin Türkiyə qüvvələrinin mövqelərinə havadan hücum edəcəyi barədə xarici mediada yayılan xəbərlərə münasibət bildirərək bəyan edib ki, Liviyada Türkiyə qüvvələri hədəfə alınsa, bunun çox ağır nəticələri olacaq.
Xatırladaq ki, keçən ay BMT general Haftarın qurduğu hakimiyyəti tanımadığını açıqlayaraq, Liviyada vəziyyətin nizamlanmasına dair siyasi sazişi dəstəklədiyini bildirmişdi.