ATƏT sədri iyunda Cənubi Qafqaza səfər edəcək Dünya

ATƏT sədri iyunda Cənubi Qafqaza səfər edəcək

Burqhalter Halbandyanla Qarabağ nizamlanmasını müzakirə edib

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İsveçrəyə səfər edib. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Ermənistan XİN rəhbəri İsveçrə prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burqhalterlə görüşüb.
Görüşdə E.Nalbandyan D.Burqhalterə Ermənistanın və ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar barədə məlumat verib. D.Burqhalter bu məsələdə Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bir daha təsdiqləyib.
Görüşdə həmçinin D.Burqhalterin bu ilin iyununda Ermənistana planlaşdırdığı səfərin hazırlığı ilə bağlı müzakirələr aparılıb.
Bu arada bəlli olub ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter iyun ayında Cənubi Qafqaza səfər etməyi planlaşdırır. D.Burkhalter regionun hər üç ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
Səfər çərçivəsində bu ölkələrin ATƏT-lə əməkdaşlıq imkanları, regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ konfliktinin nizamlanması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, İsveçrə Cənubi Qafqazı 2014-cü ildə ATƏT-ə sədrliyinin əsas coğrafi prioritetlərindən biri elan edib.