“Nalbandyan Moskvada məsuliyyətsiz bəyanat verir” Dünya

“Nalbandyan Moskvada məsuliyyətsiz bəyanat verir”

Elman Nəsirov:"Və arxayındır ki, ATƏT-in Minsk qrupunun lazımı adekvat cavabı olmayacaq"

Mübariz Əhmədoğlu: "Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur" kimi bəyanatların artıq effekti tükənib"

"Rusiyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Rossiya-24" telekanalına müsahibəsində yenə də ənənəvi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti təhrif edən bəyanatlar səsləndirib. İlk növbədə o bu münaqişədəki son vəziyyətə görə, Azərbaycanı ittiham edir. Guya Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil, ATƏT-in Minsk qrupunun təkliflərini qəbul etmir. Yəni, Ermənistan bu təklifləri qəbul edir, Azərbaycan isə yox". Bunu siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, E. Nalbandyan yenidən Rusiya ictimaiyyətini, eyni zamanda, beynəlxalq ictimai fikri çaşdırmaq üçün həqiqətin kökündən təhrif olunduğu belə yanaşmalar səsləndirib: "Hesab edirəm ki, bunlar nəticə etibarı ilə onu təsdiqləyir ki, Ermənistanın münaqişəni sülh yolu ilə həll etmək fikri yoxdur".
Politoloq vurğulayıb ki, Ermənistan xarici işlər naziri əgər Rusiyada yenidən belə bəyanatlar verirsə, bu, ATƏT-in Minsk qrupu üçün bir dərs olmalıdır: "Çünki ATƏT-in Minsk qrupu 2009-cu ilin dekabr ayında Afinada münaqişənin həlli üçün Yenilənmiş Madrid prinsiplərini irəli sürüb. Həmin prinsiplər Praqa prosesinin davamıdır. Bu prosesə görə, münaqişə mərhələli şəkildə həllini tapmalıdır. ATƏT-in Minsk qrupu həmin prinsiplərlə danışıqlar prosesini aparır. Amma, bu günə kimi həmin təklifləri qəbul etməyən məhz Ermənistandır. Ona görə də Ermənistan xarici işlər nazirinin bu bəyanatı ATƏT-in Minsk qrupu üçün bir siqnal olmalıdır".
E. Nəsirov deyib ki, əgər ATƏT-in Minsk qrupu fəaliyyətini bu şəkildə davam etdirsə, onların xarici işlər nazirləri və ilin sonunda prezidentlər səviyyəsində görüş təşkil etmək cəhdi də yekun etibarı ilə heç bir sülh sazişinə gətirib çıxara bilməz: "Əslində ATƏT-in Minsk qrupunun bu fəaliyyətsizliyindən Ermənistan tərəfi çox məmnundur. Çünki bu fəaliyyət status-kvo vəziyyətinin qorunub saxlanmasına xidmət edir. Ona görə Nalbandyan Moskvada belə məsuliyyətsiz bəyanat verir. Eyni zamanda, arxayındır ki, ATƏT-in Minsk qrupu tərəfindən lazımı adekvat cavab verilməyəcək".
Sergey Lavrovun fikirlərindən danışan politoloq Mübariz Əhmədoğlu isə "Sergey Lavrovun səsləndirdiyi fikirlər iki tezisdən ibarətdir",- deyə bildirib: "Birinci tezis ondan ibarətdir ki, Rusiya müharibənin olmasını heç ağlına da gətirmir. Bu düzgün yanaşmadır. Qarabağda müharibənin baş verməsi Rusiya üçün təhlükəlidir". Politoloq qeyd edib ki, Qarabağda müharibə başlayarsa, bir müddətdən sonra bu Şimali Qafqaza keçə bilər: "Müharibə alovlanarsa, bütün Qafqaz regionunu Rusiyanın təsiri altından çıxara bilər. Hesab edirəm ki, Lavrov bu bəyanatı ilə demək istəyir ki, münaqişə tezliklə öz həllini tapmalıdır".
M.Əhmədoğlu qeyd edib ki, Lavrov bir şeyi qəbul etmir ki, "münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur" kimi bəyanatların artıq effekti tükənib. İllər boyu ATƏT-in Minsk qrupu, Rusiya, ABŞ, Avropa İttifaqı bu bəyanatı səsləndirib: "Amma münaqişə regionunda vəziyyət müharibəyə doğru gedir. İnsidentlərin sayı artır, iri çaplı silhalardan istifadə edilir".
Politoloq vurğulayıb ki, Lavrovun səsləndirdiyi ikinci tezis isə qarşılıqlı məqbul variantdır: "Lavrovun dediyi reallaşacaqsa, bu, Azərbaycanı qane edə bilər. Rusiya qarşılıqlı məqbul həll deyəndə 7 rayonun Azərbaycana qaytarılması və kommunikasiyaların bərpasını istəyir. Rusiya ilə Ermənistan arasında mal dövriyyəsində müəyyən problemlər yaşanır".
Onun sözlərinə görə, bu iki dövlət arasında etibarlı kommunikasiya vasitəsi yoxdur: "Avtomobil yolu Gürcüstanın ərazisindən keçir. O da Rusiyada o qədər də inam yaratmır. Rusiya çalışır ki, 7 rayonu Azərbaycana qaytarmaqla Mehri dəmir yolu fəaliyyətə başlasın. Yenə SSRİ dövründə olduğu kimi Rusiya-Ermənistan əlaqələri Azərbaycan vasitəsilə qurulsun".
Politoloq bildirib ki, Ermənistan təminat verir ki, 7 rayonu qaytaraq, lakin Qarabağın statusunun müəyyən edilməsi 15-20 il yubansın: "Bu variant Azərbaycanı qane edə bilər. Çünki Dağlıq Qarabağ ətrafı Azərbaycana qaytarılandan sonra Dağlıq Qarabağda ermənilərin qalması çətin məsələdir. İnanmıram ki, ermənilər Lavrovun dedikləri ilə razılaşsın".

Əli

"Biz bütün erməniləri özümüzə düşmən elan etməmişik"

Zahid Oruc: "Yetər ki, separatizmdən daşınsınlar"

"Bir neçə dəfə mülki, hərbiçi ermənilərin Azərbaycana keçməsinin, sığınacaq istəməsinin, ən sonda üçüncü ölkəyə keçmək istəməsinin şahidi olmuşuq". Bunu millət vəkili Zahid Oruc ölkəmizə keçən ermənilərə vətəndaşlıq verilməsi məsələsinə münasibət bildirərkən deyib. Deputatın fikrincə, Azərbaycana keçən erməni hərbiçi Adranik Qriqoryan hadisəsi özünün bir neçə cəhətinə görə fərqlidir.
"Biz bunun üzərində müəyyən dəyərləndirmələr aparmalıyıq. Bu məsələyə yanaşmamızın özü gələcəkdə Qarabağ probleminin çözümündə mühüm istiqamətə çevrilə bilər. Andranik Qriqoryan ağ bayraq qaldıraraq ölkəmizə keçməklə Azərbaycan cəmiyyətinə mühüm mesaj vermiş olub. Erməni hərbiçi ağ bayrağı yalnız klassik mənada müharibələrdə özünü qorumaq, məni vurmayın, atəş açmayın və bu bayraq onu qorusun deyə kəşf etməmişdi. Bu həm də onun göstəricisidir ki, Azərbaycanın bölgədə artan hərbi gücü fonunda erməni əsgərlərinin duruş gətirməsi çətin olur. Başqa tərəfdən isə Qriqoryanın qeyd etdiyi kimi onlara qarşı yönələn təzyiqlər, basqılar, məhrumiyyətlər, sosial sıxıntılar, Qarabağda istər yerli ermənilər, istərsə də Ermənistandan gələn ermənilər üzərində zabit heyətinin həyata keçirdiyi işgəncələr artıq onlara dözüm imkanı vermir və belə addım atırlar"-deyə Z.Oruc qeyd edib.
Millət vəkili bu məsələ ilə bağlı düşüməli olduğumuzu diqqətə çatdırıb: "Üzərimizə silahla gələn, atəş açan erməniləri ona adekvat qarşıladığımız kimi, ağ bayraq qaldıran ermənilərə qarşı hansı addımlar atacağımızı da müəyyən etməliyik. Hamısına qarşı silahla cavab vermək yalnış taktikadır. Hətta ikinci dünya müharibəsində Stalinin çox peşəkarlıqla təbliğat arsenalından faydalandığı bir dönəmdə, faşizm və alman xalqı bir-birindən ayrılmışdı. İndi 1990-cı illərdə bəsit bir yanaşmanı yenidən gündəmə qaytarmaq istəmirəm ki, erməni xalqı yaxşıdı, rəhbərləri pisdi. Heç də belə deyil. Sıravi ermənilərin də arasında pis olanları var. Son 100 ildə biz onları görmüşük. Lakin hər bir ermənidən potensial düşmən görmək özü də bizim üçün yalnış taktika olar. Ölkəmizə keçən erməni hərbiçi bəyan edir ki, özü, onun yaxın doğmaları, o cümlədən onlarla insan Azərbaycan tərəfinə keçmək istəyir. O bildirir ki, Azərbaycan tərəfinə keçəcək ermənilər onları nə gözlədiyini bilsələr, bəlkə də onlar daha rahat şəkildə addım atarlar.
Təsəvvür edək ki, 100 nəfər ağ bayraq qaldıraraq bizim tərəfimizə keçmək istəyirlər. Onda biz hansı addımı atacayıq. Atəş edib qətlə yetirməklə nəticələrimiz nə olacaq?"
Z.Oruc həmçinin vurğulayıb ki, dövlət rəhbərliyi, siyasi qüvvələr, o cümlədən vətəndaşlarımız ermənilərə yüksək muxtariyyət verilməsi, onlarla sülh şəraitində birgə yaşayışın tapılması yönündə mövqeylərini ortaya qoyublar: "Bizim bu gün danışıqlarda əsas məqsədimiz ermənisiz Azərbaycan modelidirsə, onu bilək və artıq ağ bayraq qaldıran ermənilərin də bizə gərək olmadığını söyləyək. Bu halda Qarabağa doğru apardığımız siyasi və ya hərbi savaşın başlıca nəticəsinin məhz heç bir erməni qalmayacağı günə qədər mübarizə olacaqdır. Deyək ki, silah işlətməmiş, hərbi əməliyyatlara qatılmamış, sadəcə siyasi, ictimai olaraq bu mübarizəni, müharibəni müdafiə etmiş insanlarla döyüş əməliyyatında olanları ayırmalı olsaq, onda mənim aləmimdə iki mühüm qərar çıxarmalıyıq.
Birincisi, Azərbaycana qarşı hərbi aqresiyada iştirak edən ermənilərə görə müharibə cinayətləri adı altında bir qərarımız olmalıdır.
İkincisi isə, hərbi əməliyyatlarda iştirak etməmiş ermənilərlə də bağlı ayrı qərarımız olmalıdır".
Deputat hesab edir ki, Qriqoryan kimi ermənilərin Azərbaycan daxilində sayı yüzə çatarsa, bir hərbi tabor sabah təslim olarsa bu, artıq ümumxalq müzakirəsi, parlament, dövlət strukturları ilə birgə veriləcək qərar olmalıdır:"Yeri gəlmişkən, biz Dağlıq Qarabağ əhalisini öz vətəndaşlarımızı saymaqda davam edirik. Lakin onlara pasport vermək və digər hüquqlarla əhatə etmək məsələsi ümumi qərardan keçməlidir. Burada bizim fərdi seçimimiz və mövqeyimiz həlledici ola bilməz. Bu məsələni söyləmək mənim üçün o qədər də asan deyil. Erməniləri 100 illik düşmənçiliyinə, ideoloji xəstəliklərinə, bəlli saxta soyqırım yaşantılarına, Azərbaycana qarşı həyata keçirilmiş vandalizminə görə, bundan sonra qalan ömrümüzdə də yaxşıca söymək mümkündür. Amma biz nəzərə almalıyıq ki, bu söyüş və ittihamlarla bitəcək savaş deyil. Bütün qanlı müharibələrin sonu qələmlə yazılır, silahla deyil. Biz bu qələmə doğru gediriksə, onu nəzərə almalıyıq ki, Rusiya kimi nəhəng bir ölkə cəmi 2 milyonluq əhalisi olan Çeçenistan problemini çeçen xalqının içərisində 100 minlərlə tərəfdarını tapmaqla həll etdi. İndi o iddiada deyiləm ki, Qarabağda Kadırovları tapıb, onu Qarabağın prezidenti edə biləcək qədər gücə malik olmalıyıq. Bu çətin məsələdir və əlbəttdəki ermənilər bu qədər naşı deyillər".
Millət vəkili hesab edir ki, ermənilərin mövqelərinin bu şəkildə basılması və zəifləməsi üçün bizim tərəfə keçmək istəyən, Azərbaycanla bir yerdə olmağa çalışan, konstitusiyamızı tanıyan, qanunlarımıza hörmət göstərəcəyini elan edən ermənilərə hansısa fərqli bir mövqe ortalığa qoymalıyıq. "Dünyaya deməliyik ki, baxın büdcədə 100 milyon manat vəsait ayırmışıq, amma Qarabağdakı müharibə imkan vermir ki, bu pulu ora xərcləyək. Onda artıq konqresin ayırdığı 8 milyona görə, biz onları ittiham edə biləcəyik. Çünki deyəcəyik ki, öz vəsaitmiz var. Biz Qarabağa başqa dövlətlərin yardım etməsini istəmirik. Amma ermənilərin separatizmi buna imkan vermir. O cümlədən dünyaya artıq rahat şəkildə göstərəcəyik ki, biz bütün erməniləri özümüzə düşmən elan etməmişik. Buyurub qanunumuzu tanısınlar, konstitusiyamıza münasibətlərin göstərsinlər, biz onlara vətəndaşlıq haqlarını da rəsmiləşdiririk, pasport veririk və digər üstün hüquqlarla da əhatə edirik. Yetər ki, separatizmdən daşınsınlar".

Əli