Kəmaləddin Heydərov Ceyms Appaturayla görüşüb Hadisə

Kəmaləddin Heydərov Ceyms Appaturayla görüşüb

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Kəmaləddin HeydərovAzərbaycanla NATO arasında ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək FHN-nin NATO-nun müvafiq qurumları ilə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı söhbət açan nazir FHN əməkdaşlarının mütəmadi olaraq həm NATO tərəfindən, həm də birgə təşkil olunmuş müxtəlif təlim, planlaşdırma görüşləri, plenar iclas və seminarlarda iştirakının vacibliyini vurğulayıb.
Öz növbəsində, Ceyms Appaturay mövcud münasibətlərin əhəmiyyətindən bəhs edərək qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Qonaq FHN əməkdaşlarının mütəmadi olaraq NATO-nun müvafiq qurumlarında bilik və təcrübələrin qazanması istiqamətindəki fəaliyətini yüksək qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.