Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək Hadisə

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

13 May

Mayın 19-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentin “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

DİM mayın 12-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.DİM-dən bildirilib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılıb.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək.

Mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 12-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında yerləşdirilib.DİM-dən bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.I və IV ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) iləhttp://dim.gov.az/upload/iblock/237/237b1f910d63bd9fd0a3384307e27c7a.pdf linkdə tanış olmaq mümkündür.