“Karantin rejimi yumşaldıldıqdan sonra, yoluxanların sayında kəskin artım baş verdi” Hadisə

“Karantin rejimi yumşaldıldıqdan sonra, yoluxanların sayında kəskin artım baş verdi”

Nəsib Məhəməliyev: “Dünya ölkələrinin statistikasında da artım müşahidə edilir”

“Azərbaycanda koronovirusa yoluxma sayında artımın davam etməsi, ilk növbədə COVİD-19-un spesifik xüsusiyyətləri ilə bağlıdır. İstənilən digər infeksiyon viruslardan fərqli olaraq, COVİD-19 çox sürətlə yayılır. Qısa zaman kəsiyində dünyanın bütün ölkələrini bürüməsi buna sübutdur”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili əlavə edib ki, ikinci səbəb, insanların bir çoxunun buna laqeyd münasibəti, karantin rejiminin müəyyənləşdirdiyi qaydalara əməl etməməsi ilə bağlıdır: “Birinci mərhələdə ölkəmizdə müsbət nəticələr əldə olundu. Lakin karantin rejimi yumşaldıldıqdan sonra, yoluxanların sayında kəskin artım baş verdi. Nəticə göstərdi ki, bir az tələsmişik. Dünya ölkələrinin statistikasında da artım müşahidə edilir. Düşünmürəm ki, rejimin yumşaldılması problemi həll edə bilər. Əksinə daha ciddi problemlərlə qarşılaşa bilərik.
Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etməliyik. Çünki real vəziyyət barədə ən düzgün informasiya onlardadır və onlar hamıdan çox maraqlıdırlar ki, pandemiyadan ölkə olaraq qalib çıxaq və cəmiyyət olaraq normal həyata qayıdaq. Şayiələrə inanmaq lazım deyil. Velosiped icad etməyə ehtiyac yoxdur. Maska taxmalı, fiziki məsafəni gözləməli və gigiyenaya ciddi əməl etməliyik”.

Əli Zülfüqaroğlu