BDU-nun giriş və çıxışı dəyişdirilib Hadisə

BDU-nun giriş və çıxışı dəyişdirilib

Universitet dekan müavininin vəfatı ilə bağlı açıqlama yayıb

Bakı Dövlət Universiteti gün ərzində ali məktəbin giriş-çıxışının tələbələr və müəllimlər üçün bağlanması məsələsinə aydınlıq gətirib. BDU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı APA-ya açıqlamasında bildirib ki, universitetin yalnız Azərbaycan Milli Elmlər Akademiyası tərəfdən olan girişi təmir işləri ilə əlaqədar bağlanıb.
Onun sözlərinə görə, qəbul edilən qərara əsasən, bundan sonra BDU-ya giriş Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfdən, çıxışlar isə Mətbuat prospekti tərəfdəki yuxarı qapılardan olsun: "Bununla da universitetdə hər hansı qarışıqlıq yaranmasın. Tələbələrin giriş-çıxışında hər zaman qarşı-qarşıya sıxıntı olurdu. Amma bu gündən giriş və çıxışların dəyişməsindən sonra heç bir gərginlik müşahidə olunmayıb. Hər kəs rahat şəkildə universitetə daxil olur, dərsləri bitəndən sonra çıxıb gedirlər".
N.Ramazanlı qeyd edib ki, Bakı Dövlət Universitetinin AMEA tərəfdən olan girişi orada stadionun tikintisi və AMEA Mərkəzi Kitabxanasının açılışı ilə əlaqədar bağlanıb. Onun fikrincə, bəzi insanlarda belə bir ajiotaj yaranıb ki, universitetə yollar bağlanıb: "Bu gündən Bakı Dövlət Universitetinə giriş Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən, çıxış isə Mətbuat prospektinə yaxın yerlərdə yerləşən 2 qapıdan olacaq. Tələbələr də, müəllimlər də hər kəs vəsiqəsini göstərib ali məktəbə rahat şəkildə daxil ola biləcəklər".
Bu gün universitetdə hər hansı bir aksiyanın olması ilə bağlı vəziyyətə gəlincə, prorektor qeyd edib ki, elə bir şey yoxdur: "Hazırda qapıda 3-5 jurnalist var, onlar sadəcə dayanıb ətrafa baxırlar, insanların gediş-gəlişini, ümumi vəziyyəti çəkirlər. Normal bir vəziyyətdir, heç bir aksiya hiss olunmur".
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti BDU-nun tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, tarix elmləri doktoru, professor Rəfael Süleymanovun vəfatı ilə bağlı açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada hadisənin "Tələbənin ittiham etdiyi dekan müavini dərs vaxtı öldü" kimi təqdimatına etiraz bildirilir. Qeyd olunur ki, R.Süleymanov bu gün səhər işə gələrkən BDU-nun yeni korpusunun birinci mərtəbəsində, liftin qarşısında özünü pis hiss edib və dünyasını dəyişib: "BDU rektoru akademik Abel Məhərrəmovun tələbələrlə görüşü zamanı tarix fakültəsinin tələbəsi Ramilə Kiçiyevanın şikayət etdiyi müəllim mərhum Rəfael Süleymanov deyil".
Qeyd edək ki, R.Süleymanov 1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1968-ci ildə oranı "Tarixçi. Tarix və ictimaiyyət müəllimi" ixtisası ilə bitirib. 1975-ci ilin mayında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Müdafiə Şurasında "XIX əsrin birinci yarısında Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Müdafiə Şurasında "Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması: 1920-1985-ci illər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
R.Süleymanov Cənub və Qərbi slavyan ölkələrinin müasir tarixi, Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələrinin tarixi, Azərbaycanda ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemlərini tədqiq edib.