JuHİ-dən jurnalistlər üçün yeni vəsait Hadisə

JuHİ-dən jurnalistlər üçün yeni vəsait

Jurnalistlərin Həmkarlar İttifaqı "İnternet üzərindən yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət" kitabının təqdimatını keçirdi

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) "İnternet üzərindən yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət" kitabının təqdimatını keçirib. Kitab, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə icra olunan "İnternet üzərindən yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda KİV təmsilçilərinin maarifləndirilməsi" layihəsi çərçivəsində hazırlanıb.
JuHİ sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, " Azərbaycanda sürətli və aşağı qiymətli internet xidmətinin təşkil edilməsi ölkədə internet istifadəçilərinin sayının sürətlə artmasını stimullaşdırmışdır. Təəssüf ki, belə inkişaf müsbət tendensiyalarla yanaşı, ciddi problemləri də gündəmə gətirmişdir. Bu gün interneti, sosial şəbəkələri "nəzarətsiz zona" kimi dəyərləndirənlər də çoxdur. Şəxsi həyatın toxunulmazlığı prinsipindən, təhqir və böhtanın yolverilməzliyindən, ailə-məişət mövzusuna dair informasiyaların həssaslığından, "dövlət sirri haqqında qanun"dan xəbərsiz olanlar hüquqi məsuliyyəti nəzərə alınmadan yaydıqları qeyri-dəqiq, əsaslandırılmamış informasiyalarla həm informasiya obyektlərinə, həm də özlərinə ciddi problem yaratmış olurlar. Avqust ayında cəbhə bölgəsində yaşanan qısa müddətli gərginlik zamanı biz bu problemi daha dəqiq müşahidə edə bildik. Dövlət strukturları, əlaqədar orqanlar problemin aradan qaldırılması üçün müdaxilə etməli oldular.
Jurnalistlərin Həmkarlar İttifaqının KİVDF-nin yardımı ilə hazırladığı bu vəsait qeyd edilən problemin aradan qaldırılmasına yardım göstərmək, ölkə vətəndaşlarına internet istifadəsi zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgilər vermək məqsədi daşıyır. Azərbaycan Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, KİV haqqında qanunda internet üzərindən yayılan informasiyalara tətbiq edilə biləcək maddələr toplanaraq bu kitabda əks edilib və barələrində şərhlər verilib".
Müşfiq Ələsgərli bildirib ki, vəsait KİV redaksiyalarına pulsuz paylanacaq. Həmçinin, kitabın elektron versiyası JuHİ saytında yerləşdiriləcək ki, bu da bütün internet istifadəçilərinin ondan faydalanmasına şərait yaradacaq.
Tədbirdə media eksperti Ələsgər Məmmədli, Azər Həsrətin mövzu ilə bağlı məruzələri dinlənildikdən sonra, müzakirələr aparılıb. Baş redaktorlardan Bəhruz Quliyev, Elçin Mirzəbəyli, Tapdıq Abbas, Aydın Quliyev, Anar Qaraxançallı, Niyaz Niftiyev,Elçin Zahiroğlu və digərləri çıxış edərək hazırlanmış vəsaitə ciddi ehtiyac olduğunu qeyd ediblər.

XC