Bələdiyyə seçkilərinin yekun nəticələri elan olundu Hadisə

Bələdiyyə seçkilərinin yekun nəticələri elan olundu

Azərbaycanda 2014-cü il 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərinin yekun nəticələri elan olunub. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən seçkilər günündən başlayaraq, 25 gün müddətində MSK bələdiyyə seçkilərinin yekununu elan etməlidir.
Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında bunun üçün yanvarın 17-dək vaxt ayrılıb. MSK artıq Təqvim Planında nəzərdə tutulmuş bu vəzifəni yerinə yetirib. Bələdiyyə seçkilərinin yekunları ilə bağlı Azərbaycan qəzetinin xüsusi əlavəsi dərc olunub. Əlavədə 3 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri nəticəsində formalaşmış 1599 bələdiyyəyə seçilmiş 14 963 üzvün adı yer alıb.
Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 7 seçki dairəsi üzrə bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmadığına görə, bələdiyyə seçkiləri ümumilikdə 125 seçki dairəsinin 118-də, 5015 seçki məntəqəsi üzrə keçirilib. 1607 bələdiyyəni əhatə edən seçkilərdə 15035 bələdiyyə üzvlüyünə 37077 nəfərin namizədliyi qeydə alınıb və bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb.
MSK-nın iclasında komissiya üzvlərinin müzakirəsi zamanı 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutduğu, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirildiyi qeyd olunub.
Qeyd edək ki, MSK 72 bələdiyyə üzvünün seçiləcəyi 8 bələdiyyə üzrə səsvermənin nəticələrini etibarsız sayıb.
Sonda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilib və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.