Arvadını öldürən hakim barəsində həbs qətimkan tədbiri seçilib Hadisə

Arvadını öldürən hakim barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluq arvadını öldürməkdə təqsirləndirilən hakim barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İlkin istintaqla zərərçəkmişin əri Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.

***

18.26

Arvadını öldürməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində təqdimata baxılıb.

APA xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. F. Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə mayın 30-da gecə saatlarında paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimi olub.