Əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək İqtisadiyyat

Əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək

Azərbaycan prezidentinin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 25 yanvar 2016-cı il tarixliSərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2016-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. "APA-Economics" xəbər verir ki, bu barədə DSMF sədrinin müavini Zakir Babayev dünən keçirilən mətbuat konfransında məlumat verib.
Sədr müavini bildirib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsini ifadə edir: "Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. 2007-ci ildən başlayaraq Azərbaycan prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 10 sərəncam verilib. 2015-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, istehlak qiymətlərinin 4%-lik indeksi qeydə alınıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait yönəldiləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95%-nə şamil olunacaq. Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcək. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək".
Z. Babayev həmçinin, Prezidentin imzaladığı "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" 25 yanvar 2016-cı il tarixli sərəncamın əhəmiyyətindən bəhs edib. Bildirib ki, sərəncama əsasən 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib. İl ərzində 3 yaşadək uşağa qulluğa görə müavinət alanların sayı təxminən 48 min nəfərdir ki, bu kateqoriyadan olanların müavinətinin artımının maliyyələşdirilməsi üçün il ərzində 3,5 milyon manat əlavə vəsait yönəldiləcək. Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən imzalanan hər iki sərəncamın icrası ilə bağlı öz üzərinə düşən vəzifələri operativ şəkildə icra edəcəkdir.