Qaxlı fermerlər tütündən 1,5 milyon manat qazanıblar İqtisadiyyat

Qaxlı fermerlər tütündən 1,5 milyon manat qazanıblar

Ötən il rayona 14 mindən çox turist gəlib

2018-ci ildə Qax rayonunda ənənəvi istehsal sahələrindən olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilib. Ötən il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 17,5 hektar artırılaraq 623,5 hektara çatdırılıb. Hesabat ilində rayonda 971,8 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 161,5 ton artıb. Qaxlı fermerlər tütün satışından 1,5 milyon manatdan çox gəlir əldə ediblər. Ötənilki mövsümdə rayonda 25,3 ton, yəni əvvəlki ildəkindən 2 dəfə çox yaş barama istehsal edilib. Rayon ərazisində 601 hektar sahədə yeni fındıq bağları salınıb.
Bu barədə fevralın 8-də Qax rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev hesabat məruzəsində deyib ki, 2018-ci il Qax rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Oktyabrın 28-də reallaşan səfər zamanı dövlətimizin başçısı Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, "Yurd Hotel" mehmanxanasının, "Ulu Aqro" MMC-nin Qax Aqroparkının və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışlarında iştirak edib.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 2,3 faiz artaraq 157 milyon 478 min manat olub. Hesabat dövründə rayonda 12 milyon 126 min manatlıq sənaye, 53 milyon 848 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib, 49 milyon 804 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı 2017-ci illə müqayisədə 2,2 faiz, kənd təsərrüfatında isə 3,1 faiz artıb. Ötən il sahibkarlara 3 milyon 546 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 98 yeni iş yeri yaradılıb. 2018-ci ildə rayonda 601 yeni, daimi iş yeri açılıb.
Rayonda yeni yaradılan aqroparkda idarəetmə mərkəzinin, hər biri 1500 ton olan 3 ədəd taxıl bunkerinin, həcmi 50 min kubmetr olan su anbarının, 500 tonluq su hovuzunun tikintisi, həmçinin meyvə bağları üçün damcılı suvarma sisteminin quraşdırılması işləri başa çatdırılıb. Bildirilib ki, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə hesabat ilində Qax şəhərində və kəndlərdə, ümumilikdə, 13 ədəd artezian və subartezian quyusu qazılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılması, buğda istehsalının stimullaşdırılması, həmçinin yazlıq bitkilərin əkini və payızlıqların biçini ilə əlaqədar 1654 istehsalçıya 1 milyon 126 min manat məbləğində yardım verilib. Ötənilki mövsümdə fermerlər 13 min 572 hektar taxıl sahəsindən 41,1 min ton məhsul əldə ediblər. 2019-cu ilin məhsulu üçün 13 min 815 hektarda payızlıq dənlilərin səpini aparılıb.
Tədbirdə ötən il rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Qıpçaq kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilib, Tasmalı kəndində tam orta məktəb üçün inşa edilən yeni binanın, Fıstıqlı və Aşağı-Malax kəndlərində modul tipli məktəb binalarının tikintisi davam etdirilib, Əlibəyli kəndində tam orta məktəb üçün yeni binanın və Çinarlı kəndində modul tipli məktəb binasının tikintisinə başlanılıb. İlisu kəndindəki "Uludağ" Turizm və İstirahət Kompleksində 65 yerlik otelin və Ağçay kəndindəki "Bergs" otelində yeni korpusun tikintisi başa çatdırılıb.
Diqqətə çatdırılıb ki, ötən il rayona 14 mindən çox turist gəlib. Yığıncaqda, həmçinin 2018-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil edilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev və Milli Məclisin deputatı Azər Kərimli çıxış edərək, 2018-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildiriblər.