Fransız xalqı Zemmur və Pekressə fransız qaldı... Siyasət

Fransız xalqı Zemmur və Pekressə fransız qaldı...

Rəsmi İrəvanın Fransa prezidentliyinə namizədlər – ifrat sağçı Erik Zemmur və sağ mərkəzçi Valeri Pekresslə bağlı hesablamaları özünü doğrultmadı. Nikol və yandaşları hər iki şəxsin prezidentliyə namizəd kimi Ermənistana səfərindən, Pekressin isə həm də Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində “zühurundan” əldə etdiyi “qazanc”ı heç yerə “xərcləyə” bilməyəcəklər. Bunu Ermənistanın növbəti “siyasi defoltu” kimi də qəbul etmək olar... Fransız xalqı Zemmur və Pekressə fransız qaldı...

Ermənistan mətbuatındakı şərhlərin təhlili və aparılan təbliğatın ana xəttində nəzərə çarpan məqamlar belə düşünməyə əsas verir ki, Ermənistanın siyasi hakimiyyəti Emmanuel Makronun ikinci tura keçəcəyinə ümid bəsləməyib. Çox güman ki, ikinci turda Mari Le Pen, yaxud Erik Zemmurla Valeri Pekressin yarışacağını düşünüblər. Zemmurun səfərinin təşkili isə, çox güman ki, ifrat sağçıların rəğbətinin qazanılmasına xidmət edib. Digər tərəfdən, Mari Le Penin ikinci tura keçəcəyi təqdirdə Erik Zemmurun onu dəstəkləyəcəyi gözlənilən idi. Çünki Le Pen seçilərdə məğlub olacağı təqdirdə siyasətdən gedəcəyini bəyan edib və bu halda Zemmurun onun elektoratına sahiblənə biləcəyi ehtimalı kifayət qədər yüksəkdir. Bu ehtimalı təsdiqləyə biləcək məqamlardan biri də Erik Zemmurun öz partiyasını elan etdikdən sonra bir neçə ay ərzində 100 mindən artıq şəxsin “Reconquete” (Yenidən fəth etmək) partiyasına üzv olması və onların əksəriyyətinin Mari Le Pendən üz döndərmələridir. Ola bilsin ki, bu faktın özü Nikol Paşinyan və ətrafının Erik Zemmura “qarmaq atmasına” zəmin yaradıb.

Valeri Pekresslə bağlı məsələdə isə, ermənilərin ciddi yanlışlığa yol verdikləri göz önündədir. Ətrafında bu qədər ajiotaj yaradılan namizəd cəmi 5% səs toplayıb və Makronun arxasınca sürünməkdən başqa seçimi qalmayıb. İkinci turda Pekressin dəstəyinin Emmanuel Makron üçün, mahiyyət etibarilə heç bir əhəmiyyəti yoxdur. Çünki ifrat sağçılara qarşı olan hər kəs, xüsusilə də solçular istisnasız olaraq, mərkəzçi Emmanuel Makrona səs verəcəklər.

Nununla yanaşı, Ermənistan siyasi hakimiyyətinin seçimi və Fransada keçirilən seçkilərin nəticəsi cox vacib bir məqama nəzər salmağı zəruri edir. Belə anlaşılır ki, erməni diasporu Fransada keçirilən seçkilərə hər hansı bir formada təsir göstərmək imkanında deyil, yaxud Ermənistanın mövqeyi, eləcə də “Qarabağ” mövzusu Fransa erməniləri üçün əhəmiyyətini itirib. Hər halda Fransa prezidentinin son davranışları da Makronun “erməni məsələsi”nə məsafəli yanaşa biləcəyi ehtimalını yaradır.

Bütün hallarda aprelin 24-ünü gözləyək. Seçkilərin ikinci turu “qondarma” soyqırımı gününə təsadüf edir. Bununla bağlı ritorikanın olacağı gözləniləndir. “Erməni məsələsi”nin qarşıdakı 5 ildə, sadəcə ritorikaya çevriləcəyi də həmçinin...

Elçin Mirzəbəyli